Deputatlar təhsil sistemini müzakirə etdilər

Deputatlar təhsil sistemini müzakirə etdilər
"Tələbə qəbulu qaydalarına müəyyən düzəlişlər edilməsinə baxmayaraq biz normativ hüquqlar haqqında konstitusiya qanunu qəbul elədik ki, normativ sənədlər çox sabit olsun, tez- tez dəyişilməsin". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünki iclasında çıxışı zamanı deyib. O bildirib ki, əgər dəyişiklik edilirsə belə bu, gələn il üçün nəzərdə tutulmalıdır. "Azərbaycanda heç kimə sirr deyil ki, hər dəfə TQDK sədri Məleykə Abbaszadə bildirir ki, ölkədəki orta məktəblərdə tədris işi yaxşı təşkil olunmayıb. Buna görə də ildən- ilə test sualları çətinləşdirilir. Baxmayaraq ki, Azərbaycanda orta təhsil pulsuzdur, gəlin yoxlayaq görək neçə faiz tələbə repititorsuz ali məktəblərə qəbul olunur. Bütün orta məktəb şagirdləri repititor yanına gəlir və nəticədə ali məktəblərə getdikdə riyaziyyat və digər fənnlərlə bağlı suallara cavab verə bilmirlər. Çünki çalışırlar ki, yalnız imtahan verdikləri fənnləri öyrənsinlər. Təhsil Nazirliyi orta məktəblərdə orta səviyyədə test sualları müəyyənləşdirməlidir. Hesab edirəm ki, biz yoxsul və orta təbəqənin taleyini fikirləşməliyik. Repititor validyenlərin büdcəsinə ciddi ziyan vurur",- deyə millət vəkili qeyd edib. Daha sonra təhsillə bağlı çıxış edən millət vəkili Azay Quliyev bildirib ki, orta məktəblərdə tədris kifayət qədər mürəkkəbdir. Onun sözlərinə görə, valideynlər buna narazılıqlarını bildirirlər. Bununla bağlı QHT-lər və digərləri tərəfində monitorinq aparıldığını dilə gətirən millət vəkili söyləyib ki, belə bir nəticə hasil olur ki, bu gün təhsil mövcud kurikuluma uyğun gəlmir. O vurğulayıb ki, biz yeni təhsil sisteminə keçsək də qüsurlar göz qabağındadır: "Digər məsələ isə dərsliklərin məzmunu və materialların həcmi ilə bağlıdır. Məsələn, Rusiyada I, II siniflərdə altı, Türkiyədə yeddi, Azərbaycanda isə doqquz fənn tədris olunur. Hesab edirəm, bizdə bu məsələyə yenidən baxılmalıdır". Daha sonra müzakirəyə spiker Oqtay Əsədov da qoşulub: "Biz Sovet təhsil sistemindən birdəfəlik imtina eləmişik. Lakin o sistemdə çox gözəl, müsbət məsələlər var idi. Yeni qanun layihələrində mütləq bu məsələlərə baxmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə