Dillər Universiteti "Mənim Çinim" adlı onlayn-foto sərgi keçirir FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Ümumdünya Foto Gününə həsr olunmuş "Mənim Çinim" adlı müsabiqə qaliblərinin onlayn-foto sərgisini keçirir. Universitetdən SİA-ya verilən məlumata görə, sərgidə ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin Çində təhsil aldıqları müddətdə çəkilən fotolar nümayiş olunur. Fotosərginin materialları ilə Facebook-dakı Konfutsi İnstitutunun səhifəsində tanış olmaq mümkündür.

ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun fotoqrafiya sahəsində Azərbaycan-Çin münasibətlərindən bəhs etdiyi ünvanı da orada yerləşdirilib. O, ötən əsrin 60-cı illərində Bakıda ilk Çin foto sərgisinin keçirildiyini, bundan sonra Çində azərbaycanlı fotoqrafların fərdi sərgilərinin təşkil edildiyini, Azərbaycan foto sənətçilərinin YUNESKO-nun "İpək yolu gənclərin gözü ilə" Beynəlxalq Foto Yarışmasının Bakıdakı fotomüsabiqəsində və "Humanity Photo Award 10" müsabiqəsində, Çindəki Foto Festivallarında iştirak etdiyini qeyd edib. "Mənim Çinim" onlayn-fotosərgisinin fəxri qonağı, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin sədri, fotoqrafiyanın tanınmış ustası Mirnaib Həsənoğlu müraciətində Azərbaycan Fotoqrafiya tarixindən danışaraq ADU tələbələrinin fotolarını yüksək qiymətləndirib. O qeyd edib ki, fotoqrafiya həvəskarları, foto sənəti ilə maraqlanan gənclər ən böyük peşəkarlardır. Mirnaib Həsənoğlu həmçinin ADU tələbələrini Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə keçirilən Foto kurslarına dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə