Bu gün Bakı Dövlət Universitetində "Heydər Əliyev məktəbi"nin ulu öndərin 88-ci ildönümünə həsr olunmuş növbəti məşğələsi keçirilib. SİA-nın xəbərinə görə, öncə ulu öndərin universitetdəki büstü önünə gül dəstələri düzülüb, Heydər Əliyev muzeyi ziyarət edilib. Sonra tədbir böyük akt zalında davam edib. Qonaqları və tədbir iştirakçılarını salamlayan rektor, akademik Abel Məhərrəmov ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edib, qüdrətli Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov "Heydər Əliyevin geosiyasi təlimi: XXI əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri və perspektivləri" adlı məruzə ilə çıxış edib. Natiq müstəqil dövlətimizin formalaşması, inkişafı və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb: "Xalqın tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ciddi xarici geosiyasi müdaxilələrə, kəskin daxili ictimai-siyasi, iqtisadi və mənəvi böhrana, günü-gündən güclənən milli-vətəndaş qarşıdurması və s. neqativ hadisələrə baxmayaraq, müstəqil Azərbaycanın milli dövlətçiliyini qoruyub saxlamaq mümkün olub. 1993-1996-cı illərdə ictimai-siyasi sabitliyin bərpa edilməsi, həyata keçirilən ardıcıl daxili, xarici, milli dövlət quruculuğu və sosial-iqtisadi siyasət, 1994-cü ildə müvəqqəti atəşkəsə nail olunması və s. proseslər Azərbaycan Prezidentinə öz xalqının gələcəyi ilə bağlı həyati əhəmiyyət kəsb edən strateji layihələri həyata keçirməyə imkan yaradıb. Qısa zaman kəsiyində ölkənin həm daxili həyatında bazar iqtisadiyyatı mexanizmlərinin yaradılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi və biznes mühitinin liberallaşdırılması, həm də beynəlxalq aləmlə hərtərəfli işgüzar münasibətlərin qurulması, respublika iqtisadiyyatına hava-su kimi lazım olan xarici investisiya və texnologiyaların cəlb edilməsi, Xəzər dənizinin milli sektorundakı neft-qaz yataqlarının birgə istismarı, inkişaf etmiş Qərb dövlətləri və onları təmsil edən şirkətlərlə Azərbaycanın bərabərhüquqlu, qarşılıqlı-faydalı, müştərək tərəfdaşlıq əlaqələrinin yaradılması və s. milli geosiyasi vəzifələrin həyata keçirilməsinin müvəffəqiyyətli sonluğunu şərtləndirib".
Daha sonra universitetin professorları Şahlar Əsgərov və İzzət Rüstəmov ümummilli liderlə bağlı xatirələrini bölüşüblər.
Tədbir BDU-nun xeyli sayda əməkdaşı və tələbəsinin YAP-a üzv qəbul olması ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB