Nazirliyin şöbə müdiri: “Növbəti ildən yeni qiymətləndirmə sistemi ibtidai təhsil səviyyəsini tam əhatə edəcək”

Nazirliyin şöbə müdiri: “Növbəti ildən yeni qiymətləndirmə sistemi ibtidai təhsil səviyyəsini tam əhatə edəcək”
"Məktəbdaxili qiymətləndirmə iki formada olur-buraxılış imtahanları və məktəbdaxili qiymətləndirmə. Bunun da özünün 3 növü-diaqnostik, normativ və summativ növü var. Bu çox yeni bir sahədir və məlumatlandırmağa, maarifləndirməyə ehtiyac var". Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva deyib. O bildirib ki, yeni qiymətləndirmənin bütün mahiyyəti, ağırlığı formativ qiymətləndirmənin üzərinə düşür. Onun sözlərinə görə, bu da adından göründüyü kimi formata salan qiymətləndirmədir. Şöbə müdiri vurğulayıb ki, əgər ənənəvi qiymətləndirmədə yalnız rəqəmlə kifayətlənirdiksə, artıq yeni formativ qiymətləndirmədə valideynə hər şey məlum olur.

"Dərsə cavab verdikdə müəllim özü "3", "4", "5" qiyməti yazırdı, ancaq nə üçün bu qiymətlər aldığımızı maraqlansaq da bunu bilmirdik. Formativ qiymətləndirmə də isə aydın şəkildə yazılır ki, məsələn uşaq şeiri əzbər dedi, ancaq ya vurğunu yerində demir, yaxud sözləri düzgün tələffüz etmir. Etiraf edək ki, valideyn şagirdin ikinci müəllimidir. Artıq valideyn də biləcək ki, övladında hansı problem var, hansı cəhətə xüsusi diqqət ayrılmalıdır. Deməli şagird öz səhvi, çatışmayan cəhəti üzərində işlənməyə vadar olunur. Yeni qiymətləndirmə sisteminin ən böyük mahiyyəti budur ki, qiymələndirmə şagirdin biliyinin rəqəmlə ölçülməsi deyil, keyfiyyətlə tənzimlənməsidir. Yeni qiymətləndirmə sistemi müəllimi yaradıcı olmağa təhrik edir. Həm məzmun, həm də qiymətləndirmə standartları son nəticədə təhsilin keyfiyyətinə təsir göstərir. Bu gün yeni qiymətləndirmə sistemi respublikanın bütün məktəblərinin ibtidai təhsil səviyyəsinin I, II və III sinfində tətbiq olunur. Növbəti ildən ibtidai təhsil səviyyəsini tam əhatə edəcək. Zaman-zaman bu yuxarı siniflərə keçiləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə