ADU-da dəyirmi masa keçirilib

Mayın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, dəyirmi masada Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev, ABŞ-ın Nyu-York Pratt İnstitutunun Strateji Planlaşdırma və Korporativ Araşdırma məsələləri üzrə icraçı direktoru, Dünya Bankının məsləhətçisi, pedaqogika elmlər doktoru Vladimir Briller, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev və müxtəlif ali təhsil məktəblərinin nümayəndələri iştirak edirdi.

Çıxış edən Təhsil Nazirliyinin Ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev dəyirmi masanın Ali Təhsil Layihəsinin hazırlanması üzrə Qrant proqramı çərçivəsində keçirildiyini bildirib. Layihənin əsas istiqamətlərinə toxunan İ. Mustafayev proqramda ali məktəblərdə idarəetmə prinsiplərinin də əks olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şöbə müdiri qrant proqramının hazırlanmasında yerli və beynəlxalq məsləhətçilərin də iştirak etdiyini sözlərinə əlavə edib.

Dünya Bankının məsləhətçisi Vladimir Briller isə "Azərbaycan: Ali təhsil strategiyası idarəetməsinin təkmilləşdirilməsi" adlı təqdimatla çıxış edib. Ekspert ali məktəblərdə Himayəçilər Şurasının yaradılması prinsipləri, qurumda təmsil olunma kriteriyaları və idarəetmənin əsas mexanizmlərindən danışıb. V. Briller Azərbaycanda ali təhsil müəssisələrində idarəetmə mexanizmlərinin özəlliklərinə də toxunub.

Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə