Bu gün keçirilən qəbul imtahanlarından 2 nəfər xaric olunub

İlkin məlumatlara əsasən, Dövlət İmtahan Mərkəzinin sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda bu gün keçirdiyi qəbul imtahanlarında 2 nəfər imtahandan xaric olunub.

Mərkəzdən SİA-ya verilən məlumata görə, imtahanlar sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan 41 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 49 imtahan binası, 740 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 49 ümumi imtahan rəhbəri, 121 imtahan rəhbəri, 965 nəzarətçi–müəllim, 98 buraxılışı təşkil edən əməkdaş, 49 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

İlkin məlumatlara əsasən 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Dövlət İmtahan Mərkəzinin bütün inzibati binalarında şənbə və bazar günləri dezinfeksiya işləri aparılacağı üçün DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına iyulun 13-dən etibarən başlanılacaq.

Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında, həmçinin cari ilin məzunları üçün əlavə xarici dil imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...