DİM bu gün növbəti buraxılış imtahanlarını keçirir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilir.

SİA DİM-ə istinadən bildirir ki, imtahanlarda 15526 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bu gün keçiriləcək imtahanlar bunlardır:

- Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi və kolleclərə qəbul imtahanı – H.Əliyev adına Hərbi Liseyə qəbul imtahanı: Naxçıvan MR;

- 11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı: Naxçıvan MR, Naftalan, Saatlı;

- Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün: Naxçıvan MR, Şəmkir, Qəbələ, İsmayıllı, Zərdab, Şabran;

- 9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı: Naxçıvan MR, Şəmkir, Qəbələ, Yardımlı, İsmayıllı, Zərdab, Şabran;

- 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı: Naxçıvan MR, Şəmkir, Qəbələ, Yardımlı, İsmayıllı, Zərdab, Şabran.

- Azərbaycan dili (dövlət dili) imtahanı: – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif cari ilin məzunları üçün – 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün: Naxçıvan MR, Naftalan, Saatlı.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

2 və 3 iyul tarixlərində imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 138 imtahan binası, 2345 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 138 ümumi imtahan rəhbəri, 374 imtahan rəhbəri, 3055 nəzarətçi–müəllim, 276 buraxılışı təşkil edən əməkdaş, 138 bina nümayəndəsi ayrılıb.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə