TQDK respublikanın 25 şəhərində növbəti sınaq imtahanı keçirib

TQDK respublikanın 25 şəhərində növbəti sınaq imtahanı keçirib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də respublikanın 25 şəhərində sınaq imtahanı keçirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağstafa, Şəmkir, Tovuz, Şəki, Goranboy, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Hacıqabul, Lənkəran, Cəlilabad, Quba, Qusar, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 42 binada aparılıb.

İmtahanın idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb.

Həftə ərzində nəticələrin komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənə biləcəklər. Belə ki, nəticələr elan olunduqda Azercell şirkəti ilə yanaşı, Bakcell mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə imtahan nəticələrini öyrənə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə