Yunanıstanın İndianapolis Universitetinin nümayəndələri ADU-da olub

Yunanıstanın İndianapolis Universitetinin nümayəndələri ADU-da olub

Aprelin 29-da Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Yunanıstanın İndianapolis Universitetinin nümayəndələri - rektor Vasils Botopoulos və prorektor Susie Michailidislə görüşüb. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Səməd Seyidov qonaqları salamlayaraq Yunanıstan və Azərbaycanın əlaqələrinin genişləndiyindən söz açıb. O, ADU ilə İndianapolis Universiteti arasında əlaqələrin gələcəkdə hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığına xidmət edəcəyinə inamını ifadə edib.


Qonaqlar İndianapolis Universitetinin Yunanıstanın aparıcı təhsil ocaqlarından biri olduğunu deyərək təmsil etdikləri təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin geniş olduğunu söyləyiblər. Rektor Vasils Botopoulos bildirib ki, təmsil etdiyi universitet böyük tarixə və təcrübəyə malikdir, burada bir çox sahələri əhatə edən proqramlar üzrə elmi kadrlar hazırlanır.


Rektor Səməd Seyidov, öz növbəsində ADU-nun tarixindən danışaraq bu təhsil ocağına məhz ümummilli lider Heydər Əliyev tərəfindən universitet statusu verildiyini diqqətə çatdırıb. Universitetdə tədris olunan dillərin sayının artdığını bildirib. O, ADU - da nəinki Qərbi Avropa, həmçinin Şərq ölkələrinin dillərinin tədris olunduğunu söyləyib. Bununla yanaşı, Filologiya, Tərcümə, Beynəlxalq münasibətlər fakültələrinin fəaliyyətinə toxunub.
Qonaqlarla tələbə-müəllim mübadiləsi haqda fikir mübadiləsi aparılıb.


Səməd Seyidov bu sahədə ADU-nun böyük təcrübəyə malik olduğunu nəzərə çatdırıb. Rektor Amerikalı tələbələrin ADU-nun Yay məktəbində iştirak edərək Azərbaycan dilini, Qafqazşünaslığı öyrəndiklərini, Xəzəryanı ölkələri öyrənməyə böyük maraq göstərdiklərini deyib. TEMPUS proqramı çərçivəsində həyata keçirilən layihəyə əsasən, ADU-nun layihələrdən biri üzrə koordinator olduğunu deyib. Səməd Seyidov distant təhsil sahəsində də ADU-nun öndə getdiyini vurğulayaraq Avropa universitetləri ilə ADU arasında online dərslərin keçirildiyini deyib


Sonra gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Bir sıra birgə proqramların hazırlanması və həyata keçirilmə imkanları haqında fikir mübadiləsi aparılıb.


Daha sonra qonaqlar ADU-nun İnformasiya Resurs Kompleksi ilə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə