Təhsil Nazirliyində “Şahmat dünyası” multimedia sisteminin təqdimatı keçirilib

Təhsil Nazirliyində “Şahmat dünyası” multimedia sisteminin təqdimatı keçirilib
Bu gün Təhsil Nazirliyi və "Çaşoğlu - Mutimedia" şirkətinin birgə layihəsi çərçivəsində hazırlanan "Şahmat dünyası" multimedia sisteminin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, şahmata dövlət tərəfindən göstərilən yüksək qayğı nəticəsində 1992-ci ildən başlayaraq təkcə Avropa və Dünya birinciliklərində 82 medal qazanılıb və onlardan da 33-ü qızıl, 25-i gümüş, 24-ü isə bürüncdür. Onun sözlərinə görə, FİDE-nin iki aydan bir yenilənən reytinq cədvəlinə görə, Azərbaycan həmişə birinci onluqda olur və hazırda 159 ölkə arasında 9-cu yerdədir: "Dünyanın ən güclü şahmatçıları arasında Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Teymur Rəcəbov kimi şahmatçıların adı var. Şahmatçılarımızın uğurları, şahmatda olan potensial, onun gələcəkdə daha da sürətlə inkişaf etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 5 may 2009-cu il sərəncamı ilə "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı təsdiq edilib. Proqram qəbul edildikdən sonra şahmat hərəkatı daha da inkişaf etməyə başlayıb, şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir avadanlıqlarla tam təmin olunmaları istiqamətində müxtəlif tədbirlər həyata keçirilməyə başlanıb".

M.Mərdanov qeyd edib ki, şahmatçıların uğurları, şahmat sahəsindəki mövcud potensial, bu idman növünün gələcəyinin təmin edilməsi istiqamətində görülən işlərdən biri də "Şahmat dünyası" multimedia sistemidir. Nazir əlavə edib ki, bu multimedia sistemində bölmələrdə verilən mövzular yüksək səviyyəli peşəkar şahmatçılar və beynəlxalq təcrübəli məşqçilər tərəfindən yazılıb. Onun fikrincə, dünya təcrübəsinə əsaslanan bu tədris vəsaitinin hazırlanması gənc şahmatçılar üçün çox gözəl əyani bir vəsait olacaq.
"Hazırda "Şahmat dünyası" multimedia sisteminin ikinci hissəsinə hazırlıq işləri görülür. Buraya Azərbaycan şahmatçılarının yaradıcılığı, debüt hazırlığı, taktika və kombinasiyalar, şahmat praktikasında rast gəlinən mübahisəli hallar, klassik bəstələr, dünya çempionlarının 101 miniatürü və s. bölmələr daxil ediləcək. Bundan başqa, şahmat tarixində ən vacib sayılan 15 adda tədris vəsaitinin tərcümə edilməsi və onun elektron multimedia sisteminin hazırlanması nəzərdə tutulub", - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən qonaqlar da ölkədə şahmatın inkişafına böyük diqqət və qayğı göstərildiyini söyləyiblər və bunun üçün ilk öncə ölkə başçısına öz təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə