IV-V sinif şagirdləri arasında keçiriləcək imtahanda 59 minə yaxın şagird iştirak edir-YENİLƏNİB

IV-V sinif şagirdləri arasında keçiriləcək imtahanda 59 minə yaxın şagird iştirak edir-YENİLƏNİB
Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bütün orta məktəblərin IV-V sinif şagirdləri və ibtidai sinif müəllimləri riyaziyyat fənnindən imtahan verirlər. SİA-nın xəbərinə görə, bu barədə Bakı şəhər Təhsil İdarəsinin sektor müdiri Firudin Həmzəyev nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, imtahanda 59 minə yaxın IV-V sinif şagirdi və 1200-ə yaxın ibtidai sinif müəllimi iştirak edəcək. Onun sözlərinə görə, test yoxlamasının keçirilməsində məqsəd müəllimlərin və şagirdlərin riyaziyyat fənni üzrə bilik səviyyələrini müəyyən etməkdir. F.Həmzəyev qeyd edib ki, imtahanın təşkil olunması üçün riyaziyyatın seçilməsi onun əsas fənlərdən biri olmasıdır. "İmtahan zamanı şagirdlərə və müəllimlərə hər birində 15 sual olmaqla 10 variantda olan suallar təqdim olunur. İmtahanda aşağı bilik nümayiş etdirən müəllimlər Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təkmilləşdirmə kurslarına göndəriləcək. Yoxlamanın nəticələri optik oxucular vasitəsilə qiymətləndiriləcək. Nəticələr yaxın bir neçə gün ərzində açıqlanacaq".

F.Həmzəyev bu imtahanların onların yekun nəticələrinə necət təsir göstərəcəyinə də aydınlıq gətirib: "Yoxlamada zəif nəticə göstərən şagirdlərin nəticələrində heç bir dəyişiklik olmayacaq. Bu yoxlamalar yazı işinə bərabər tutulur. Bu imtahan deyil və şagirdin sinifdən sinfə keçməsinə heç bir təsiri yoxdur. Bunun nəticələri sinif jurnalında yoxlama yazı işi kimi qeyd olunacaq. Bütün yoxlama yazı işi kimi bunun da illik qiymətlərə təsiri var, amma yarım illiyin qiyməti demək deyil. Düşünürəm ki, şagirdlə müəllimin nəticəsi təxminən bərabər olmalıdır. Yoxlamada zəif nəticə göstərən müəllimlər isə ixtisasartırma kursuna göndəriləcək".

O qeyd edib ki, bu il imtahan verən V sinif şagirdlərin növbəti tədris ilində yenidən sınaq yoxlamasında iştirak edəcəyi gözlənilir. Onun sözlərinə görə, gələn il VI siniflər üçün belə imtahanlar keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə