UNEC-də magistr və doktorantların beynəlxalq elmi konfransı keçirilir

Mayın 29-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların II beynəlxalq elmi konfransı öz işinə başlayıb. SİA xəbər verir ki, açılış mərasimində çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov konfransın əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, distant formada təşkil olunan beynəlxalq konfransda ümumilikdə dünyanın 21 ölkəsindən 325 gənc tədqiqatçı 65 bölmədə məruzə ilə çıxış edəcək.

Beynəlxalq konfransda ABŞ, Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin magistr və doktorantlarının iştirakı ilə 4 dildə (Azərbaycan, ingilis, rus və türk) plenar çıxışlar olacaq.

Konfransın açılış mərasimi UNEC-in rəsmi “Facebook” səhifəsi, “YouTube” kanalı və konfransın rəsmi saytından canlı olaraq Azərbaycan və ingilis dillərində yayımlanır. Konfrans seksiyaları isə “Zoom” proqramı vasitəsilə distant olaraq təşkil olunur. UNEC-də aparılan elmi tədqiqat işlərindən danışan Ə.Muradov vurğulayıb ki, rəhbərlik etdiyi universitetdə 31 Elmi Tədqiqat Mərkəzi fəaliyyət göstərir. Konfransda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov mövzunun aktuallığını vurğulayıb. İqtisadiyyatın inkişafında ali təhsilin rolunun xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran nazir müavini Prezident İlham Əliyevin imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəflərini diqqətə çatdırıb.

Sonra mövzu ilə bağlı məruzələr dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə