DİM-lə Gürcüstanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb

Mayın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze arasında videokonfrans formatında görüş keçirilib və Anlaşma Memorandumu imzalanıb. DİM-dən SİA-ya bildirilib ki, görüşdə sənəddə qeyd edilən əməkdaşlıq istiqamətləri müzakirə olunub və növbəti fəaliyyət planı nəzərdən keçirilib:

1. DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün Müəllimlərin Peşə İxtisas imtahanı üzrə qiymətləndirmə alətinə dair test bankının hazırlanması;

2. MQİM tərəfindən DİM-in gürcü dili üzrə buraxılış imtahanlarında (9 və 11-ci siniflər) istifadə etdiyi test tapşırıqlarının ekspertizası.

Qeyd edək ki, DİM-in dəstəyilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün Müəllimlərin Peşə İxtisas imtahanı üzrə qiymətləndirmə alətinin tətbiqi Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin attestasiyası zamanı diferensial əməkhaqlarının müəyyən edilməsində istifadə olunacaq (hazırda bu diferensial əməkhaqqı sistemi qiymətləndirmə aləti olmadığından Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün şamil edilmir).

Əməkdaşlığa dair növbəti fəaliyyət planında aşağıdakı istiqamətlər müəyyən edilib:

-MQİM tərəfindən Azərbaycan məktəblərində gürcü dili üzrə qiymətləndirmə alətlərinin hazırlanması üçün onlayn təlimin təşkili;

-DİM tərəfindən Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən azərbaycanlı müəllimlər üçün videodərs vəsaitləri, həmçinin təlim nəticələrinin yoxlanması üçün qiymətləndirmə imkanları ilə təminat;

-DİM və MQİM tərəfindən müxtəlif sahələrdə ingilis və ya rus dillərində olan yoxlama-ölçmə materiallarının mübadiləsi;

-DİM və MQİM arasında mütəmadi olaraq brifinq xarakterli videokonransların təşkili və təcrübə mübadiləsinin davam etdirilməsi.

Görüş zamanı, həmçinin pandemiya dövründə keçirilən imtahanların xüsusiyyətləri ölkə təcrübəsi və mövcud həll yolları istiqamətində təcrübə mübadiləsi aparılıb və DİM tərəfindən həyata keçirilən profilaktik tədbirlər yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...