"Tələbə növbəti semestrə qədər kəsri bağlayarsa, təqaüd alacaq" ÖZƏL - AÇIQLAMA

"Ən ciddi yenilik isə semestr imtahanları ilə bağlı universitetlərin Elmi Şuralarına Təhsil Nazirliyi ilə razılaşdırmaqla qərar qəbul etmək səlahiyyətinin verilməsidir. Artıq yay semestr imtahanlarını keçirmək qaydasını müəyyənləşdirməyi universitetlərin Elmi Şuraları müəyyən edəcəklər". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Nazirlər Kabinetinin təhsil sahəsində qəbul etdiyi yeni qərarları şərh edərkən deyib.

Onun sözlərinə görə, yeni qərara görə ali təhsil məssisələrinin IV kursunda və kolleclərin son kursunda oxuyan və Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 51 baldan yuxarı olan tələbələr yekun dövlət imtahanından azaddırlar:

"Amma diplom işi yazan tələbələr bunu bitirib təhvil verməlidirlər. Bundan başqa yenilik qəbul imtahanları ilə bağlıdır. Belə ki, əvvəllər abituriyetlər 2 imtahanda iştirak edib hər dəfə fərqli qrup seçə bilərdilərsə, indi yalnız bir imtahanda iştirak edə bilərlər. Təqaüdlər ilə bağlı dəyişiklik edildi. Belə ki, buna qədər tələbənin əgər semestrdə kəsri olurdusa, o təqaüd almaq imkanını itirirdi. İndi isə növbəti semestr başlayana qədər əgər kəsri bağlayarsa, o təqaüd almaqda davam edəcək. Bundan başqa yenilik ondan ibarətdir ki, əgər buna qədər tələbə semestrdə 2 kəsrini verə bilirdisə, indi onlara daha çox kəsrdən imtahan vermək hüququ da verildi".

Kamran Əsədov bildirib ki, hətta, kəsr dərslərində oturmadan ödənişsiz olaraq tələbələr birbaşa istədiyi qədər kəsr fənlərindən imtahana buraxılcaqlar:

"Ən ciddi yenilik isə semestr imtahanları ilə bağlı universitetlərin Elmi Şuralarına Təhsil Nazirliyi ilə razılaşdırmaqla qərar qəbul etmək səlahiyyətinin verilməsidir. Artıq yay semestr imtahanlarını keçirmək qaydasını müəyyənləşdirməyi universitetlərin Elmi Şuraları müəyyən edəcəklər. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirdilər. Digər tərəfdən, imtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən sualları cavablandırmağa 1 saat 30 dəqiqə vaxt verilirdi, indi 45 dəqiqə veriləcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə