Builki qəbul imtahanları gözlənilən nəticəni verəcəkmi? EKSPERT RƏYİ-ÖZƏL

Builki qəbul imtahanları gözlənilən nəticəni verəcəkmi?  EKSPERT RƏYİ-ÖZƏL

“Bildiyimiz kimi 3 martdan etibarən bütün təhsil müəssisələrində tədris prosesi dayanıb və qüvvədə olan qərara görə 4 may ilk dərs günüdür. Bu müddət ərzində 4447 orta məktəbdə 1.5 milyon şagird, 50-dən çox ali təhsil müəssisəsində 165 min tələbə, kollec və peşə təhsili müəssisələrində 30 minə qədər təhsil alan üçün ənənəvi dərs dayanıb və bu qədər insan evdədir. Dərslərdə fasilənin yaranması daha çox 1-4-cü siniflərdə və 9-11-ci siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərə bilər”. Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, 1-4-cü siniflərdə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və bu qədər tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər: “Digər narahatlıq doğura bilən siniflər 9 və11-ci siniflərdir. Belə ki, bu siniflərdə təhsil alanları buraxılış və qəbul imtahanları gözləyir. Düzdür, əvvəlcə aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulurdu. Lakin ölkədə tədris prosesində tətilin müddəti öncədən proqnozlaşdırılandan da çox oldu”.

Ekspertin fikrincə, həlli gözlənilən ən ciddi problem 9 və 11-cilərin imtahanıdır: “Artıq DİM ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün elektron ərizə qəbuluna başlayıb. 12 maydan - 5 iyuna qədər davam edəcək bu prosesdə 12 minə qədər abituriyent elektron ərizəsini təstiq edib. Uzun müddət orta məktəblərdə və hazırlıq kurslarında, repititorluqda ənənəvi dərslərin dayanması qəbul imtahanlarının nəticəsinə də təsir göstərəcək. Çünki heç də bütün şagirdlər “online” dərslərə qoşula bilməyib. Bununla yanaşı, “online” dərslərin keyfiyyəti də ənənəvi dərslərlə müqayisədə aşağı idi. Digər tərəfdən qəbul imtahanlarının keçən illə müqayisədə 1 dəfə keçirilməsi, sınaq imtahanlarının olmaması qəbul imtahanlarının nəticələrinə təsir göstərəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə