Bakı Dövlət Universitetində Konfutsiya İnstitutu açılıb-Tədbir

Bakı Dövlət Universitetində Konfutsiya İnstitutu açılıb-Tədbir
Bu gün Bakı Dövlət Universitetində Konfutsiya İnstitutunun açılışı olub. SİA-nın xəbərinə görə, açılış mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, institutun yaradılması Çin Xalq Respublikasının Anhoy Universiteti və Bakı Dövlət Universiteti arasında imzalanmış saziş əsasında reallaşıb. Onun sözlərinə görə, Anhoy Universiteti bu instituta hər il Çin dili və mədəniyyəti üzrə yüksək səviyyəli mütəxəssislər göndərəcək, onu dərslik və dərs vəsaitləri, audiovizual materiallarla təmin edəcək, bundan başqa, Konfutsiya İnstitutunun tələbələri hər il Anhoy Universitetində təcrübə keçəcəklər. Rektor bu İnstitutun iki ölkə xalqlarının dostluq tellərinin möhkəmlənməsinə və əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə inamını ifadə edib.

"Konfutsiya İnstitutu xaricdə Çin dilinin yayılması üçün Çin Dövlət Komitəsi tərəfindən yaradılmış mərkəzdir. Artıq dünyanın müxtəlif ölkələrində 400-dək belə institut açılıb. Gələcəkdə isə dünya ölkələrində bu rəqəmin 1000-ə çatdırılması nəzərdə tutulur. Mən əminəm ki, Azərbaycanda da yaradılan bu institut yaxın gələcəkdə öz bəhrələrini verəcək", - deyə o əlavə edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov isə vurğulayıb ki, bu gün Çin dili dünyanın ən geniş yayılmış dilidir. Dünyada hər 6 nəfərdən 1-nin çin dilii bildiyini deyən nazir müavini qeyd edib ki, bu artıq dünyada biznes, iqtisadiyyat dilinə çevrilib: Buna görə də Çin dilinin Azərbaycanda da öyrənilməsi çox vacib və əhəmiyyətlidir. Hazırda Çinin universitetlərində azərbaycanlı tələbələr ən çətin ixtisaslar üzrə təhsil alırlar. Həmin ixtisaslar əsasən, iqtisadi elmlər, tibb, mühəndislik üzrədir. Çin dilini öyrənmək elə asan deyil. Amma bu gün azərbaycanlı gənclər Çin universitetlərində ən çətin ixtisaslar üzrə təhsil alırlar".
E.Qasımov bildirib ki, bu institut Azərbaycan cəmiyyətinin tələblərinə uyğun olan təhsil üsulları axtaracaq, Çin dilinin Azərbaycan xalqı üçün öyrənilməsi, Çinlə daha yaxın tanış olunması və iki tərəf arasında mədəni mübadilə əməkdaşlığının həyata keçirilməsi baxımından böyük xidmətlər göstərəcək.

Çinin ölkəmizdəki Səfirliyinin müvəqqəti işlər vəkili Tsyan Syaoyan da Bakı Dövlət Universiteti və Anhoy Universiteti arasında aparılan uğurlu və səmimi əməkdaşlığın məhsulu olan Konfutsiya İnstitutunun açılışı münasibətilə xoş sözlərini və arzularını çatdırıb. O bildirib ki, bu institutun açılışı ölkələrlə ali rəhbərləri arasında əldə etdiyi razılıqlar nəticəsində əldə edilən müvəffəqiyyətdir. Onun sözlərinə görə, bu iki ölkə xalqları dostluq tellərinin möhkəmlənməsinə və əməkdaşlığın dərinləşməsinə təkan verəcək bir körpüdür.

Anhoy Universitetinin prorektoru Nyu Liven təmsil etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Anhoy Universiteti son illər təhsilin beynəlmilləşdirilməsi istiqamətində beynəlxalq əlaqələrini genişləndirib, 90-a yaxın universitet və elmi-tədqiqat institutları ilə əməkdaşlıq müqaviləsi imzalayıb ki, həmin sırada Bakı Dövlət Universitet xüsusi yer tutur.

Sonra şərqşünaslıq fakültəsinin çin dili ixtisasının tələbələri Çinin xalq mahnılarını ifa edib, şeirlər səsləndirib, çin idman gimnastikasını, milli adət-ənənələrini əks etdirən paltarlar nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə