Aprelin 24-də Türkiyə ali məktəblərinə azərbaycanlı gənclərin daxil olması üçün qəbul imtahanı keçiriləcək

Aprelin 24-də Türkiyə ali məktəblərinə azərbaycanlı gənclərin daxil olması üçün qəbul imtahanı keçiriləcək
Aprelin 24-də 2011-2012-ci tədris ili üçün Türkiyə ali məktəblərinə azərbaycanlı gənclərin daxil olması üçün qəbul imtahanı keçiriləcək. SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, aprelin 13-də artıq Türkiyə tərəfi öz ölkəsinin universitetlərinə qəbul aparılacaq ixtisasların siyahısını Azərbaycana təqdim edib. Xarici ölkələrin ali məktəblərinə digər millətlərdən olan gənclərin qəbulunu özünə uyğun qaydada təşkil edildiyini deyən M.Abbaszadə qeyd edib ki, bu il yalnız Azərbaycanın deyil, digər türkdilli dövlətlərin də gəncləri Türkiyə ali məktəblərinə həmin ölkənin müvafiq qurumunun vasitəsilə qəbul olunacaqlar.

"Azərbaycanda sənəd qəbulunun internetlə aparılmasına 5 il öncə başlanıb. Türkiyədə isə bu sistemə bu ildən keçilib. Buna görə də artıq gənclər Türkiyə universitetlərində təhsil almaq üçün elektron qaydada sənədlərini verə bilərlər. Artıq baza, materiallar hazır vəziyyətdə gələcək və aprelin 24-də imtahan keçiriləcək. Bu, TQDK-nın qəbul prosesindən uzaqlaşdırılması demək deyil, normal bir haldır. TQDK-nın əməkdaşları bu imtahanda sadəcə müşahidəçi kimi iştirak edəcək".

Tələbə-Məzun Sisteminin fəaliyyətinə də aydınlıq gətirən komissiya sədri vurğulayıb ki, buraya bir çox qurumların qoşulması nəzərdə tutulub: "Artıq Maliyyə Nazirliyi bu sistemə qoşulub. Müvafiq nazirliklərin isə sistemə qoşulması istiqamətində işlər aparılır. Bu sistemdə qoyduğumuz tələblərə uyğun olaraq nazirliklərdə personalar, iş yerləri hazırlanmalıdır. Bu proses gedir. Sistem işləyir və bizə məlumat üçün lazım olan sorğu anketləri komissiyanın internet saytında yerləşdirilir. Ali məktəblər də bu sorğuları cavablandıraraq nəticələri bizlərə göndərirlər. Builki yoxlamaların nəticələrini mayın sonunda biləcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə