ADU-da gender problemləri müzakirə olunub

ADU-da gender problemləri müzakirə olunub

Azərbaycan Dillər Universitetində (ADU) "Təhsildə və məişətdə gender problemi" mövzusunda seminar keçirilib. ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi xəbərə görə, ingilis dilinin leksikologiyası kafedrasının təşkilatçılığı ilə baş tutan seminarda ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, Elmi işlər prorektor, professor Dünyamin Yunusov, kafedra müdirləri, eləcə də müəllimlər iştirak edirdi.


"Təhsildə və məişətdə gender" adlı təqdimatla çıxış edən ADU-nun İngilis dilinin leksikologiyası kafedrasının müdiri, dosent Kifayət Gözəlova bildirib ki, gender qadının və kişinin cəmiyyətdəki sosial rolunu və vəziyyətini təyin edən anlayış kimi xarakterizə olunur. Bu sahədə aparılan elmi tədqiqatlara toxunan K. Gözəlova bioloji nöqteyi-nəzərdən kişilər və qadınlar arasında oxşarlığın fərqlərdən daha çox olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb.


İngilis dilinin leksikologiyası kafedrasının müəllimi Aynur Quliyeva isə "Həyatın ikinci üzündə qadınların rolu" adlı təqdimatla çıxış edib.
Həmin kafedranın müəllimi Reyhan Rzayeva isə "Cəmiyyətdə qadınlar" mövzusuna toxunub. R. Rzayeva Azərbaycan qadının ağılı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutduğunu vurğulayıb.

Seminar məruzələr ətrafında aparılan müzakirələrlə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə