Tele yoxsa onlayn dərslər? EKSPERT RƏYİ-ÖZƏL

“Hazırda karantin rejimi ilə əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Tele Dərs” ölkə üzrə əlçatanlığı təmin edir. Çünki hər kəs televizor vasitəsilə bu dərslərə baxa bilir”. Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, lakin onlayn dərs layihələri yalnız ağıllı telefon və ya kompüter vasitəsilə aparıldığından burada əl çatanlıq tam təmin olunmur: “Çünki hər kəsin evində internet yoxdur”.

“Tele Dərs”lərin daha çox aşağı sinifləri təmin etdiyini deyən ekspert söyləyib ki, bakalavr, magistr pilləsi üzrə təhsil alanlar ondan faydalana bilmirlər: “ Bu baxımdan Təhsil Nazirliyi tərəfindən ali məktəblər üzərindən onlayn dərslərə başlanıldı. Bununla yanaşı orta məktəblər üçün də “Virtual məktəb” adlı layihə fəaliyyətdədir”.

Dərslərin keyfiyyəti qaneedicidirmi?

Dərslərin keyfiyyətinə gəldikdə E. Əfəndi qeyd edib ki, istənilən halda istər “Tele Dərs”, istərsə də onlayn dərslər canlı ünsiyyəti tam təmin etmir: “Müəllim və şagird ünsiyyəti yalnız monitor vasitəsilə olduğundan bu bizim alacağımız yüz faizlik nəticə ola bilməz. Çünki istənilən halda, burada səthi, bəzən də qeyri-ciddi yanaşmalar olur”.

Uşaqlar bu dərsləri qavraya bilirmi?

Ekspert vurğulayıb ki, uşaqların bu dərsləri qavramasında ilk vaxtlarda müəyyən qədər fərq olsa da, getdikcə alışqanlıq nəticəsində bu hal aradan qalxır: “Əgər mart ayında uşaqların qavramasında daha çətinliklər var idisə, hazırda uşaqlar virtual və ya teledərsləri daha yaxşı anlamağa, mənimsəyə başlayıblar. Hesab edirəm ki, Təhsil Nazirliyi də bu istiqamətdə addımı vaxtında atdı. Düzdür bəzi şəslərin internetə qoşulmaq problemi var. Hazırda sıxıntımız ali məktəb kontingenti ilə bağlıdır. Düşünürəm ki bu da aradan qalxacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə