"Qeydiyyatda olan 1340 hemofiliyalı xəstənin 230-u stasionar müalicə alır"

"Qeydiyyatda olan 1340 hemofiliyalı xəstənin 230-u stasionar müalicə alır"
Son 5-10 il ərzində Elmi-Praktiki Hemofiliya Mərkəzinə müraciət edən xəstələrin sayı azalıb. SİA-nın xəbərinə görə, bu barədə mərkəzin direktoru Elmira Qədimova məlumat verib. O bildirib ki, əgər 5-10 il bundan öncə xəstələrin 80-90%-i stasionar müalicə alırdısa, bu gün həmin rəqəmlər xeyli azalıb. Hazırda mərkəzdə 230 xəstənin stasionar müalicə aldığını deyən E.Qədimova vurğulayıb ki, ümumilikdə xəstəxanada 1340 hemofiliyalı xəstə qeydiyyatdadır.

"Dövlətin hemofiliyalı xəstələrə göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə hemofiliya xəstəliyi ilə bağlı müraciət edən xəstələrin sayı azalıb. Bütün xəstələr dərmanlarla təchiz olunub, onlar üçün hər bir şərait yaradılıb. Ancaq bu gün hələ də həll olunmayan bir sıra məsələlər qalır. Ən əsası artaped-travmatoloqlar hazırlanmalı, reabilitasiya işlərini gücləndirmək lazımdır. Bundan əlavə, yaxşı olardı ki, xəstələr daha çox profilaktik müalicə alsınlar. Bu gün hemofiliyalı xəstələrin dərmanlardan istifadə edənlərin 20-30%-i inhibitor ola bilər. İnhibitor özbaşına iynə vurulduqda və dozası artıq düşdükdə baş verə bilir. İnhibitor çox rast gəlinmir və ən bahalı müalicədir. Onlar daha çox Hemofiliya A-nın ağır formasından əziyyət çəkən xəstələrdə müşahidə olunur. Hemofiliyalı xəstə müalicə preparatındakı yad cisimli proteini orqanizmdən kənar etmək üçün inhibitora çevrilə bilər. İnhibitorların müalicəsinin xüsusi metodları mövcuddur. Ona görə də valideynlər dərmanlardan, iynələrdən istifadə etdikləri halda ehtiyatlı olmalıdırlar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə