Virtual dərslərdən hamı istifadə edə bilirmi? EKSPERT RƏYİ-ÖZƏL

"Martın 3-dən etibarən tədris prosesinin dayanması ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərdi. Nəzərə alsaq ki, onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşırdı, uzun müddət planlaşdırılmamış tədrisdən kənarda qalma onlarda bu qabiliyyətlərin itməsinə və ya azalmasına səbəb ola bilər. Ona görə də Təhsil Nazirliyinin 11 martdan etibarən "Mədəniyyət" kanalında "Tele Dərs" layihəsinə başlaması şagirdlər üçün dərs axınının təmin olunmasına imkan verdi. "Virtual məktəb" layihəsi ilə isə evdən çıxmadan ibtidai sinif şagirdlərinin təhsil almalarına davam etmələri baxımından olduqca müsbət addımdır". Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, Təhsil Nazirliyinin "Virtual məktəb" platforması, ibtidai sinif şagirdləri üçün təhsilin əlçatanlılığın təmin olunmasıdır.

Ekspertin sözlərinə görə, resurs çatışmazlığının olmasına baxmayaraq, "Virtual məktəb" layihəsi şagirdlər üçün göydən düşmə olacaq: "Hesab edirəm ki, bu proqramlar əsasında şagirdlərin tədrisində yaranmış boşluqlar aradan qalxacaq. Çünki Təhsil Nazirliyinin bu layihəsi tam şəkildə proqramı əhatə edir. Amma ilk vaxtlar istifadəçilərin qeydiyyatdan keçməklə bağlı probleminin olması hazırda yaranmış çətinlikdir. Bundan başqa 4447 orta məktəbdə təhsil alan 1.5 milyon şagirdin heç də hamısının bu platformadan istifadə imkanı yoxdur. Belə ki, hazırda mövcud internet qiymətləri bahadır və şagirdlər şəxsi komputer, planşet və telefona sahib deyillər".

Saytın qeydiyyat üçün 2 aprel tarixinbdən aktiv edilyini deyən K. Əsədov qeydiyyat zamanı texniki qüsurların olduğunu dilə gətirib: "Lakin buna baxmayaraq qısa müddətdə “Virtual məktəb” portalında 150 min şagird qeydiyyatdan keçib ki, bu, sevindirici haldır. Bir məqamı da qeyd edim ki, elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəbə” qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir. Təəssüf ki, Təhsil Nazirliyi tərəfindən görülən bu qədər tədbirlərə baxmayaraq, təhsilin əlçatanlılığı tam şəkildə təmin olunmayıb. Xüsusi ilə ali təhsil pilləsində ciddi çatışmazlıqlar mövcuddur. Belə ki, onlar 2009-cu ildən etibarən distant təhsili təmin etməli idilər. Maraqlıdır ki, universitetləri akreditasiyadan keçirən şəxs və qurum niyə buna göz yumub? Bu müddət ərzində universitetlər azı 2 dəfə akreditasiyadan keçiblər və onlar ən vacib göstərici üzrə tələbə cavab vermədikəri halda onu nəyəsə və ya kiməsə görə akreditasiyadan keçiriblər. İndi isə 165 min tələbə tədrisdən kənarda qalıb".

Ekspertin fikrincə, mobil operatorlar və interenet provayderləri karantin müddətində internet qiymətlərinə yenidən baxmalıdırlar: "Nəzərə alsaq ki, internet hazırda təhsil alanların təhsil verənlərlərə əlaqələndirilməsi üçün yeganə yol və vasitədir, bunu onların əlindən almaq olmaz. Əgər internet güzəştləri olsa müəyyən qədər şagirdlərin bilik və bacarlıqlarında mövcud vəziyyətdə artım olar. Belə ki, şagirdlər Dövlət İmtahan Mərkəzinin (DİM) "Youtube" resursları və okt.az portalından dövlət sınaqları ilə bilik və bacarıqlarını yoxlamalıdırlar ki, tədris bərpa olunandan sonra keçiriləcək imtahanlarda yaxşı nəticə əldə edə bilsinlər. Bunun üçün isə internet mütləq şəkildə ödənişsiz olmalıdır. Real vəziyyət ondan ibarətdir ki, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi "online" dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir".

O qeyd edib ki, regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır: "Hətta bir sinifdə online dərslərdən 10-15 faiz şagird istifadə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa, bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür. Mövcud vəziyyət bütün dünyda təhsilin fəaliyyətini iflic etsə də, ən zəif göstəricilər ölkəmizə aiddir. Qardaş Türkiyədə 8 TV bu prosesə qoşulub və distant təhsil də tətbiq edilməklə təhsildəki boşluqlar aradan qaldırılıb. Avtopa və Amerika ölklərində də distant təhsil tam şəkildə təşkil edildiyi üçün onlarda təhsilin davamlılığında hansısa bir problem yaranmayıb".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...