12-16 aprel 2011-ci il tarixlərində Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Tarix fakültəsindən bir qrup mütəxəssisi Bakı Slavyan Universitetinin (BSU) qonağıdır. BSU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nümayəndə heyəti Sofiya Universitetinin Tarix fakültəsinin dekan müavini, Bolqarıstan tarixi kafedrasının dosenti Todor Popnedelev və Sofiya Universitetinin "Avropa dialoqu" Doktorant və Postdoktorant Tədqiqatları İnstitutunun direktoru, Yeni və müasir tarix kafedrasının dosenti Kostadin Qrozevdən ibarətdir.
Görüş çərçivəsində qonaqlar BSU-da fəaliyyət göstərən mədəniyyət mərkəzləri ilə tanış olmuş, Bolqar dili və Mədəniyyəti Mərkəzində bolqarşünas tələbələrlə görüşmüş, BSU-nun tələbə və magistrantlarına "1989-cu ildən sonra Bolqarıstanın tarixşünaslığı: problemləri və perspektivləri", "Bolqarıstan Balkanlarda və dünyada – transatlantik təhlükəsizlik və Avropa inteqrasiyası yolunda" mövzusunda mühazirələr oxuyublar.
14 aprel tarixində "Bolqarıstan dövləti və bolqarlar qədim dövrdən bu günə kimi" mövzusunda sərginin açılışı baş tutub. Sərginin açılışında BSU-nun tələbə və müəllimləri ilə yanaşı Bolqarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vasil Kalinov da iştirak edib. Sərginin təntənəli şəkildə açılışından sonra BSU-nun rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev çıxış edərək bildirib ki, bu sərgi bizim tələbələrin bugünkü Bolqarıstanı daha yaxşı tanımaları və sevmələri üçün bir mənbə olacaqdır: "İnanıram ki, yaxın gələcəkdə bolqarşünas tələbələrimiz, tərcüməçilərimiz həmin müzakirələrin davamı kimi real nəticələri görəcəklər. Yaxın gələcəkdə siz hamınız Bolqarıstanda olacaq, bu ölkə biliklərinizi dərinləşdirəcəksiniz. Bu sərgi çox dərin sərgidir, çünki sizin hər birinizi həmin dövrlə daha yaxından tanış olmağa dəvət edir. O gün olsun ki, biz də Sofiya Universitetində Azərbaycanla bağlı belə bir tarixi sərgi keçirək".
Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri V.Kalinov sərginin təşkil olunmasında yaxından dəstək verdiyinə görə BSU-nun rektoru Kamal Abdullayevə təşəkkürünü bildirib: "Biz səfirlik olaraq Bakı Slavyan Universiteti ilə daim sıx əlaqədə olmuşuq. BSU-nun tələbələri bizim səfirlikdə mütəmadi olaraq təcrübə keçirlər. Tələbələrin diqqətinə çatdırmaq istərdim ki, 24 mayda "Slavyan yazısı və mədəniyyəti" günündə esse müsabiqəsi təşkil olunacaq və müsabiqədə qalib olan müəllif Bolqarıstana səfərlə mükafatlandırılacaqdır.
Bolqarıstandan gəlmiş mütəxəssislər BSU-nun müəllim heyəti ilə görüşmüş "Milli və ümumi Avropa təhsil sistemi: ümumi cəhətlər və xüsusiyyətlər" mövzusunda dəyirmi masa keçirilmiş, bolqarşünas tələbələrə isə "Milli, regional və ümumi tarix: xronologiya, metodologiya və mənbələrlə iş problemi" mövzusunda mühazirə oxuyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB