"İnfeksiyanın yayılma zəncirinin potensial həlqəsi olmaqdan çəkinməliyik" AÇIQLAMA-ÖZƏL
"Məlum olduğu kimi, Koronavirus infeksiyasına (COVİD-19) yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Əslində məktəblərdə tədrisin dayandırılması haqqında martın 3-də ilk qərar qəbul olunan gündən müvafiq qabaqlayıcı tədbirlər görməyə başlamışıq. Təhsil müəssisələri də, idarənin inzibati binası da dezinfeksiya olunub, girişdə dezinfeksiyaedici vasitə qoyulub". Bunu SİA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.
O bildirib ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq məlumatları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin təşəbbüsü ilə fəaliyyətimiz məsafədən təşkil edilib: "Bu, ümumilikdə bütün həmkarlarımıza, hər bir əməkdaşa, o cümlədən mənə də daha arxayın işləməyə imkan verir. İşdən və ya evdən aparılan müzakirə və məsləhətləşmələr onlayn qaydada təşkil olunur, zərurət olduqda videokonfranslar keçirilir. Həmçinin məktəb rəhbərləri ilə onlayn müzakirələr aparılır və onlayn müsabiqələr təşkil olunur".
B. Məmmədov söyləyib ki, videokonfransların keçirilməsində əsas məqsəd fəaliyyətin onlayn təşkili, koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması, idarə əməkdaşlarına sosial təcrid üçün əlverişli şəraitin yaradılması və ümumi təhsil müəssisələrində dərs prosesinin dayandırılması səbəbindən onlayn tədris imkanlarının müzakirəsindən ibarətdir.
Onun sözlərinə görə, müzakirələrdə məktəblilərin tədris prosesindən uzaqlaşmaması üçün mövcud imkanlar araşdırılır, müəllim-şagird ünsiyyətinin davamlılığının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılır: "Həmçinin məktəblilərin Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadəyə sövq edilməsi üçün müəllim və valideynlərin üzərinə düşən vəzifələrə nəzər salınır. Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" telekanallarında "Dərs vaxtı" proqramı çərçivəsində yayımlanan teledərslərə və müəllimlər tərəfindən əlavə olaraq aparılan onlayn dərslərə uşaqların diqqətinin daha da artırılması üçün müəllim-valideyn əlaqələrinin vacibliyi önə çəkilir".
Bununla belə, zəruri hallarda işə çıxdıqda birbaşa ünsiyyətin tamamilə məhdudlaşdırıldığını vurğulayan mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bu da mövcud tələblərin qaydalarına uyğundur. Ancaq elektron poçt, telefon və digər texniki vasitələrlə əlaqə saxlanılır: " Mətbuat xidməti olaraq media ilə əlaqələrə gəlincə, bu sarıdan elə bir çətinliyimiz yoxdur. Bu günlərdə sözün həqiqi mənasında fədakarlıq göstərərək çalışan media adamları ilə elektron vasitələrlə əlaqə saxlamaq əvvəl də aktual idi, indi daha da aktualdır. Öz operativliyini qoruyan, fəaliyyətinə peşəkar yanaşan bütün media təmsilçilərinə belə xüsusi vəziyyətdə təhsilə, müəllimlərə, məktəblilərə həssas münasibətlərinə görə, hərtərəfli məlumatlandırmaya görə dərin minnətdarlığımızı bildirirəm".
B. Məmmədov əlavə edib ki, bütün ictimaiyyət dövlətin apardığı qabaqlayıcı və mövcud təhlükənin qarşısının maksimum dərəcədə alınmasına yönəlmiş bu tədbirlərə dəstək verməli, hər kəs infeksiyanın yayılmasında şərti zəncirvari prosesin potensial həlqəsi olmaqdan çəkinməlidir: "Ancaq peşəkar və rəsmi məlumatlara istinad etməli, qoyulan qaydalara şərtsiz əməl olunmalıdır. Atalar yaxşı deyib, ziyanın yarısından qayıtmaq da xeyirdir. Odur ki, hər bir şəxs ümumilikdə dünya üçün və ölkəmiz üçün ciddi problemə çevrilmiş koronavirus infeksiyası ilə mübarizədə öz məsuliyyətini anlamalıdır. İnanıram ki, tezliklə Azərbaycanda koronavirus təhlükəsi aradan qalxacaq, ölkə rəhbərliyinin birbaşa nəzarəti ilə həyata keçirilən tədbirlərin müsbət nəticələri daha çox müşahidə olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə