ADU-da “Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir”

ADU-da “Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir”

Aprelin 12-də universitetin Heydər Əliyev adına muzey-lektoriyasında "Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir" adlı tədbir keçirilib. Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, universitetin Mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə gənclərin sağlam həyat tərzinə uyğunlaşması, onların zərərli vərdişlərdən uzaq durması kimi vacib məsələlər müzakirə edilib.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev universitetdə ənənə halını almış bu kimi tədbirlərin keçirilməsinin müsbət tərəflərindən danışıb. O, bildirib ki, tələbələrin sağlam həyat tərzinə uyğunlaşması istiqamətində maariflənmələri üçün bu sahənin mütəxəssisləri ADU-ya dəvət edilirlər, dəyərli təklif və fikirlərini səsləndirirlər.

"Sağlam ailə" Tibb Mərkəzinin hematoloqu və genetiki, tibb elmləri doktoru Rüstəm Rüstəmli sağlam ailənin sağlam cəmiyyət qurulmasında böyük rolunun olduğunu bildirib. R. Rüstəmli vurğulayıb ki, sağlam ailə əsasən qızların sağlamlığından başlayır. Gələcək anaların yetkinlik dövrlərinə qədər müayinədən keçməməklərini qüsur kimi xarakterizə edən genetik bunun da sonradan doğulan uşaqlara mənfi təsirindən bəhs edib.

Regional Psixologiya Mərkəzinin psixoloqu Murad İsayev bildirib ki, ailə qurmazdan əvvəl tərəflər psixoloji cəhətdən buna hazır olmalıdırlar. Yalnız gözəlliyə, maddi üstünlüyə yox, fizioloji və mənəvi cəhətlərə üstünlük verilməsinin vacibliyini qeyd edən psixoloq yetkinlik yaşına çatmayan qızların ailə həyatını qurmasının fəsadlarından danışıb.

Çıxışını narkotikin sağlamlığa vurduğu ziyan üzərində quran Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin narkoloqu Mikayıl Qarayev narkotikin dünyada böyük problemlərdən biri olduğunu qeyd edib. QİÇS-lə mübarizə mərkəzinin həkimi Dilşad Mahmudova isə zərərli vərdişlər, xəstəliklər haqqında gənclərin məlumatlandırılmasını müsbət hal kimi xarakterizə edib. O, çıxışında gəncləri ayıq olmağa, zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin sosioloqu Aynur Rəşidova təmsil etdiyi mərkəzin tütün əleyhinə layihələrindən danışıb və bildirib ki, İSİM 2005-ci ildə BMT-nin tütünlə mübarizə üzrə çərçivə konvensiyasına qoşulub.

Tədbir sual-cavab şəraitində davam edib.

Qeyd edək ki, tədbirdə ADU-nun 2 saylı İngilis dili fakültəsinin dekanı Vəfa Bənnayeva, kafedra müdirləri, eləcə də universitetin müəllim-tələbə heyəti iştirak edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə