Xaricdə təhsil alan tələbələrin aqibəti necə olacaq? ÖZƏL - AÇIQLAMA
"Xaricdə təhsil alan tələbələr əvvəlki kimi təhsil prosesinə davam edə bilərlər. Qanunlar həmin tələbələrə ölkəyə qayıdıb təhsillərinə yenidən qaldıqları yerdən davam etməyə imkan verir". Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin professoru, təhsil üzrə ekspert Şahlar Əsgərov hazırki vəziyyətdə ölkədə təhsil sahəsini və xaricdə təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini şərh edərkən deyib.
O bildirib ki, hazırda ölkədə koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilir və təbii ki, virus müəyyən qədər təhsil sisteminə də zərbə vurur: "Bütün bunlar təhsil sistemi üçün yaxşı heç nə vədd etmir. Özü-özlüyündə tələbə-müəllim münasibəti pozulur. Bu təhsil sisteminə böyük zərbədir. Eyni zamanda xaricdə təhsil alan azərbaycanlı tələbələrimiz üçün də bu keçərlidir. Onların bir qismi ola bilsin ki, Azərbaycana qayıtsın, ola bilsin ki, qayıtmaya da bilərlər və təhsil aldıqları ölkədə qala bilərlər, onları ordan buraxmaya da bilərlər. Təbii ki, ölkəyə gediş-gəliş məsələləri dövlət qanunları ilə tənzimlənən bir prosesdir".
Xaricdə təhsil alan tələbələrin ölkəyə qayıdıqdan sonra yenidən təhsillərini yarımçıq qoyduqları ölkəyə qayıtma və təhsillərini davam etdirmə məsələsinə aydınlıq gətirən professor vurğulayıb ki, bu tamamilə mümkündür: "Təbii ki, onlar əvvəlki kimi təhsil prosesinə davam edə bilərlər. Qanunlar həmin tələbələrə ölkəyə qayıdıb təhsillərinə yenidən qaldıqları yerdən davam etməyə imkan verir. Çünki, koronavirus infeksiyasının yayılması təhsil müəssisələrinin fəaliyyətini dayandırması və eyni zamanda tələbənin fəaliyyətini dayandırması ilə nəticələnən və ondan asılı olmayan prosesdir. Buna görə də qəfildən yaranan bir prosesi hər kəs anlayışla qəbul edir. Xaricdə təhsil alan gənclərin təhsil prosesinin dayandırılmasında heç bir günahı yoxdur. 100 faiz deyə bilərəm ki, onlar təhsillərini davam edə biləcəklər. Əsas amalımız bu olmalıdır ki, gənclərin təhsil almağına hər cür şərait yaradaq".
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondu yaydığı məlumata əsasən, xaricdə təhsil alan tələbələrin koronavirus pandemiyası ilə əlaqədar sağlamlıq və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi və zəruri hallarda ölkəmizə qayıtması ilə bağlı təxirəsalınmaz tədbirlər görməkdədir. Zəruri hallarda və tələbələrin istəklərinə uyğun olaraq, onların ölkəmizə qaytarılması təmin olunur.
Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov xaricdə təhsil və koronavirusla əlaqədar dərslərini yarımçıq qoyaraq Azərbaycana qayıdan və ya xarici ölkədə qalmaqla dərslərini dayandıran azərbaycanlı tələbələrə ödənişsiz şəkildə dərslərində geri qalmamaları üçün UNEC-də distant formada təşkil edilən dərslərə qoşulmağı təklif edib.
Qeyd edilib ki, tələbələr seçimlərinə uyğun olaraq, dərsləri Azərbaycan, türk, ingilis və ya rus dillərində dinləyə bilərlər. Yekunda isə tələbələrin istəyinə uyğun olaraq, dinlədikləri dərslər barədə müvafiq sənəd verilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB