UNEC-in Zaqatala filialında EDUMAN sisteminin tətbiqinə başlanılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) uğurla tətbiq olunan EDUMAN - Elektron Universitet Modeli 2019/2020-ci tədris ilinin yaz semestrindən etibarən universitetin Zaqatala filialında da reallaşdırılıb. UNEC-dən SİA-ya bildirilib ki, filialda bütün müəllim və tələbələr üçün şəxsi kabinetlər açılıb, dərs cədvəlləri, tədris planları, fənn üzrə qruplar, tədris materialları, sərbəst işlərin qəbulu, apellyasiya müraciətləri, imtahan cədvəli və buraxılışları elektronlaşdırılıb.

Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi üçün geniş imkanlar yaradan EDUMAN sistemi çərçivəsində UNEC-də təhsili idarəetmə, elektron imtahan, təqaüd, apellyasiya sistemi, əlavə təhsil, ikinci ali təhsil, əcnəbilərin qəbulu, tələbə kabineti, müəllim kabineti, elektron sənəd dövriyyəsi sistemi, elektron təqaüd və müəllimlərin reytinqinin qiymətləndirilməsi sistemi modulları tətbiq olunur.

Həmin modulların UNEC-in Zaqatala filialında tətbiqi müvafiq funksionallıqların icrasını təmin edəcək.

Xatırladaq ki, EDUMAN sistemində “Bir pəncərə” də işə salınıb. Bu sistem vasitəsilə tələbələr universitet təhsili müddətində tələb olunan bütün arayış (akademik transkript, təhsilalma haqqında arayış və s.) və ərizələri şəxsi kabinetlərindən müraciət edərək əldə edə bilirlər.

Sistemin tətbiqi nəticəsində filialın tədris prosesi ilə əlaqədar bütün məlumatlar birbaşa mərkəzi bazaya ötürüləcək və həmin məlumatların təhlili daha operativ qaydada aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...