Breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilib

Paytaxt məktəbliləri arasında “Gənc istedadlar" breyn-rinq bilik yarışının III mərhələsi keçirilib.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, bilik yarışının bu mərhələsində paytaxtdakı 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən "Kiçik akademiya" üzvləri iştirak ediblər.
Yarışın bu mərhələsində şagirdlər kimya, biologiya, fizika, coğrafiya fənləri üzrə bilik və bacarıqlarını sınaqdan keçiriblər. Mərhələnin sonunda 76 nömrəli tam orta məktəbin komandası digər komandalardan üstün olub.
Qeyd edək ki, yarış ayrı-ayrı fənlər üzrə istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviqi, şagirdlərin müxtəlif sahələr üzrə istedad, dünyagörüş və intellektual səviyyəsinin üzə çıxarılması məqsədini daşıyır. Həmçinin müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsiletmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqların aşkar edilməsi də yarışın əsas hədəflərindəndir.
“Gənc istedadlar" breyn-rinq bilik yarışı artıq 3 ildir davam edir və növbəti aylarda da sözügedən məktəblərdə müxtəlif mövzularda yarışların keçirilməsi nəzərdə tutulur. Yarışın bütün mərhələləri üzrə komandaların topladığı ballar hesablanaraq sonda qalib məktəb seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...