BDU Elmi Şurasının növbəti iclası keçirilib

BDU Elmi Şurasının növbəti iclası keçirilib

Bu gün Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, AMEA-nın Rəyasət Heyəti və BDU-nun Elmi Şurasının üzvlərinin, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb.

Azərbaycan elminin, təhsilinin dinamik inkişafının, elmi kadrların hazırlanmasının, elmi potensialının gücləndirilməsinin, elmi-texniki nailiyyətlərin əldə olunmasının əhəmiyyətindən danışan rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfə verdiyini, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.

İclasda 2010-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevin hesabatı dinlənilib.
Qeyd olunub ki, 2010-cu ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 221 mövzu üzrə 1151 elmi iş yerinə yetirilib. BDU əməkdaşları tərəfindən BDU-nun sahibliyi ilə 9 patent alınıb.

Bildirilib ki, hesabat ilində Universitetin 4 daimi Dissertasiya Şuralarında 8 nəfər doktorluq və 60 nəfər ixtisas üzrə fəlsəfə doktorluq dissertasiyası (onlardan 32 nəfəri BDU-nun əməkdaşı, doktorant və dissertantıdır), Birdəfəlik Dissertasiya şuralarında isə 6 doktorluq (4-ü BDU-nun əməkdaşı) və 24 ixtisas üzrə fəlsəfə doktorluq (12-si BDU-nun əməkdaşları, doktorant və dissertantları) dissertasiyaları müdafiə edilib. Onlardan 3 nəfəri xarici vətəndaşıdır.

İclası yekunlaşdıran rektor, akademik Abel Məhərrəmov, Şura üzvləri və qonaqlar hesabatdan məmnun qalıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə