Epoxy Resin ilə abstrakt üslubda rəsmlər hazırlayan UNEC istedadı Azərbaycanda ilk

“UNEC istedadı” layihəsi universitetin xüsusi istedadı və bacarığı ilə seçilən tələbələri tanıtmaqda davam edir. SİA-nın verdiyi məlumata görə, layihənin budəfəki qəhrəmanı UNEC-in Magistratura Mərkəzinin II kurs magistri Nərmin Qasımovadır.

Orta məktəbdə təhsil aldığı vaxtlardan rəsmə böyük marağı olan Nərmin Qasımova həmin ixtisasa daha dərindən yiyələnmək üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə Türkiyənin Orta Doğu Texniki Universitetində Erasmus+ beynəlxalq mübadilə proqramının iştirakçısı olub. Hazırda UNEC-də “Dizayn” ixtisası üzrə magistr təhsili alan N.Qasımova universitetdə təşkil olunan tədbirlərdə fəal iştirak edir, eləcə də rəsm əsərləri ilə müxtəlif sərgilərdə UNEC-i təmsil edir. O, UNEC-lə Almaniyanın Siegen Universitetinin birgə reallaşdırdığı “EE-KEY-AZ” layihəsində də iştirak edərək, həmin proqram çərçivəsində dərslərə qatılıb və diplom əldə edib.

Hazırda Epoxy Resin ilə abstrakt üslubda rəsmlər hazırlayan Nərminin əsərləri Azərbaycanda bir ilkdir. O, rəsmlərində qaynaq olaraq, təbiətdə mövcud rəng palitrası və formalardan istifadə edir. Nərmin Qasımova yaratdığı əsərlərdə əsasən, təbiətin insan həyatındakı rolunu, önəmli bir yer tutmasını cəmiyyətə aşılayır, eləcə də təbiətə sahib çıxmağın vacibliyini insanlara çatdırır.

UNEC magistri hazırda təbiətin möcüzələri haqqında elmi tədqiqat işi üzərində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə