Aprelin 2-də təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin tabeliyindəki "Zəngi" liseyində bu tədris ocağının Valideyn-Müəllim Assosiasiyası İdarə Heyətinin üzvləri ilə görüşüb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) icraçı direktoru Təranə Şərifova, AMVMA-nın İdarə Heyətinin üzvləri iştirak ediblər.
Nazir öncə liseylə tanış olub, burada yaradılmış təhsil mühiti ilə maraqlanıb.
Tədbiri təhsil naziri Misir Mərdanov açaraq AMVMA-nın İdarə Heyətinin üzvləri, valideynlərlə görüşlərin mütəmadi xarakter aldığını bildirib.
"Zəngi" liseyinin direktoru Bayram Heydərov tədris ocağının fəaliyyəti haqqında geniş təqdimat edib. B.Heydərov hər il "Zəngi" liseyini bitirən gənclərin əksər hissəsinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazandığını vurğulayıb, eyni zamanda əlavə edib ki, 2004-cü ildə qəbul imtahanlarında yüksək bal topladığına görə Prezident təqaüdünə layiq görülmüş 25 tələbədən 5-i, 2005-ci ildə isə 4-ü "Zəngi" liseyinin məzunudur.
Direktor liseydə yaradılmış təhsil şəraitindən, tədris ocağının iştirak etdiyi pilot layihələrdən söz açıb, təhsilin idarəedilməsi, tərbiyəvi işlərin aparılması ilə bağlı bəzi mülahizə və təkliflərini söyləyib.
Sonra liseydə hazırlanmış elektron dərs cədvəli haqqında cədvəlin tərtibçisi, "Zəngi" liseyinin Valideyn-Müəllim Assosiasiyası (VMA) İdarə Heyətinin üzvü, "Azsoft" şirkətinin rəhbəri Elman Məcidovun təqdimatı dinlənilib. E.Məcidov elektron dərs cədvəli hazırlanarkən nəzərə alınması vacib olan amillərdən danışıb, layihənin icrası zamanı müvafiq tələblərin, müəllimlərin arzu və istəklərinin diqqətdə saxlanıldığını bildirib.
"Zəngi" liseyi VMA-nın prezidenti, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tədbirdə assosiasiyanın fəaliyyəti barədə təqdimatla çıxış edib. Təhsil ocaqlarında VMA-ların yaradılmasının əhəmiyyətindən danışan V.Rəhimzadə məktəblərin idarə olunmasında, təhsilin keyfiyyətinin yüksəldilməsində, şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində, valideynlərin təhsil müəssisələrinin işinə daha yaxından cəlb olunmasında bu qurumların böyük rol oynadığını bildirib.
"Zəngi" liseyi VMA-nın İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ərəstun Mehdiyev ölkəmizdə təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışıb, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımları yüksək dəyərləndirib. Ə.Mehdiyev valideyn-məktəbə əlaqələrinin möhkəmləndirilməsi barədə fikirlərini bildirib, şagirdlərin tədrisə marağının daha da artırılması üçün zəruri hesab etdiyi bir sıra məsələlərə toxunub.
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova VMA-ya göstərdiyi diqqət və qayğıya, irəli sürülən təkliflərə sayğı ilə yanaşdığına, vaxtaşırı qurumun İdarə Heyətinin üzvləri ilə görüşdüyünə görə təhsil naziri Misir Mərdanova təşəkkür edib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbirdə çıxış edərək VMA üzvləri ilə növbəti görüş üçün onların rayonundakı təhsil ocağını seçdiyinə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib.
Təhsil naziri Misir Mərdanov belə görüşlərin faydalı olduğunu, liseydə gördüklərindən məmnun qaldığını bildirib.
Misir Mərdanov liseydə müasir tələblərə cavab verən akt və idman zallarının tikilməsinin, eyni zamanda istilik sisteminin qaydaya salınmasının vacibliyini vurğulayıb. Gələn il liseyin fəaliyyətinin 20 ilinin tamam olacağını söyləyən təhsil naziri bununla bağlı təntənəli tədbir keçirilməsini, liseyin fəaliyyəti haqqında kitab hazırlanmasını tövsiyə edib, tədris ocağının kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşün sonunda iştirakçılar liseyin xor kollektivinin çıxışlarını dinləyiblər. "Azsoft" şirkətinin köməyi ilə İKT üzrə liseydə təşkil olunmuş "Biləyən" kursunun ilk məzunlarına sertifikatlar və hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB