Gülnarə Hüseynova: “Respublikanın 8 rayonunda hemofoliyalı xəstələrə yardım mərkəzləri yaradılacaq”

Gülnarə Hüseynova: “Respublikanın 8 rayonunda hemofoliyalı xəstələrə yardım mərkəzləri yaradılacaq”
Hazırda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Səhiyyə Nazirliyi ilə birlikdə ölkədə yaşayan hemofiliyalı xəstələrin qeydiyyatına başlayıb. Bu barədə SİA-ya açıqlamasında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova məlumat verib. O bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən qeydiyyat üçün hər rayonda mövcud olan poliklinikalardan sorğular alınır. Onun sözlərinə görə, hər hansı bir hemofiliyalı vətəndaş həmin klinikalarda qeydiyyatdadırsa, həmin klinikaların sorğu nəticələri ümumiləşir və mərkəzə təqdim olunur.

"Yenidən qeydiyyatı yeniləmək böyük bir prosesdir. Çünki dərman preparatlarının rayonlarda olmaması nəticəsində rayonlardan çoxlu sayda insanlar Bakı şəhərinə yerləşiblər. Yenə də ümid edirik ki, aprelin sonu, mayın ortalarına kimi qeydiyyat sorğular başa çatacaq və mərkəzləşdiriləcək. Bununla da bağlı Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihə təqdim etmişik. Bu "Hemofiliyalı xəstələrin informasiya mərkəzlərinin yaradılması" adlı bir layihədir. Hazırda informasiya mərkəzlərini Quba və Mingəçevirdə yaradırıq. Ancaq layihə çərçivəsindən kənarda Şirvan və Gəncədə bu prosesə başlamışıq. Belə düşünürük ki, Lənkəran və Biləsuvarda yaşayan qaçqın şəhərciyində daha çox xəstələr məskunlaşıb. Bunun üçün də ikinci yarımillikdə növbəti mərkəzlər orada yaradılacaq. Elektron məlumat bankı hər gün yeniləşməli, informasiyaya baxılmalı və yenidən sorğular göndərilməlidir. Məlumat bankı həm də mərkəzləşmiş olacaq", - deyə o əlavə edib.

G.Hüseynova qeyd edib ki, Səhiyyə Nazirliyi nəzdində Səhiyyənin İnformasiyalaşdırılması İdarəsi nəzdində həmin elektron məlumat bankı saxlanılacaq və bütün məlumatlar həmin mərkəzdə öz əksini tapacaq, toxunulmaz olacaq: "Layihə çərçivəsində Quba və Mingəçeviri götürmüşük. Çünki o ərazilərdə işləmək üçün yeni regiondur. Bu vaxta kimi digər regionlarda nümayəndəliklərimiz olub, ancaq həmin ərazilərdə olmayıb. 8 rayonda hemofiliyalı xəstələrə yardım mərkəzləri yaradılacaq. 6 ay ərzində həmin informasiya mərkəzləri təşkil olunacaq.

Hazırda ölkədə 1300-dən çox hemofiliyalı xəstənin olduğunu deyən G.Hüseynovanın sözlərinə görə, ola bilər ki, bu rəqəmlər gələn illərdə böyüsün: "Çünki hemofiliyaya oxşar qanda laxtalanma faktorların pozulması ilə müşahidə olunan xəstəliklərin hamısı dünyada hemofiliya adı altında müalicə edilir. Siyahıda xəstələrin 95 faizi kişilərdir. Hazırda yaş kateqoriyası 70-ci illərdən bu tərəfidir".

Bütün xəbərlər Facebook səhifəmizdə