Şagirdlər üçün avtobuslar ayrılacaq

Bakının bir sıra məktəblərində şagirdlər üçün cari ildə avtobuslar ayrılacaq və bu istiqamətdə artıq Bakı Nəqliyyat Agentliyi ilə danışıqlara və əməkdaşlığa başlanılıb. SİA xəbər verir ki, bunu 2019-cu ilin yekunlarına dair mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov deyib.

“Bakının bir sıra ərazilərində şagird sayı çox olan məktəblər üçün 2020-ci ilin yeni tədris ilinə qədər avtobus sisteminin təşkili üçün birgə səy göstəririk. Bütün məktəbləri birinci mərhələdə avtobusla təmin olunmasa da layihənin davamı olaraq, iş davam etdiriləcək”, deyə təhsil naziri bildirib.

Nazir həmçinin istedadlı tələbələrə xüsusi diqqət yetiriləcəyini və təhsildə dövlət dəstəyi proqramlarına yeniliklər ediləcəyini vurğulayıb.

Ceyhun Bayramov məktəblilərin dəsrsdənkənar fəaliyyətinin xüsusi diqqətdə saxlanıldığını, AFFA ilə birlikdə keçirilən futbol çempionatlarına 2500-dən çox məktəblinin qatıldığını söyləyib.

Təhsil naziri təmirə ehtiyacı olan məktəblərin siyahıya alınaraq onların təmiri ilə bağlı işlər görüldüyünü də diqqətə çatdırıb.

“Məktəblərin hamısını bir gündə tikmək, təmirə ehtiyacı olanları bir gündə təmir etmək mümkün deyil, amma əlimizdən gələni edirik ki, onların sayı sürətlə azalsın”, deyə Ceyhun Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...