Yeni məktəblər harada inşa olunacaq? - NAZİRDƏN AÇIQLAMA

Bu gün Təhsil Nazirliyində mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən nazir Ceyhun Bayramov vacib məsələlərdən danışıb, onların həlli yolları barədə açıqlama verib.

Nazir valideynlərlə keçirilən görüşlərdə müzakirə edilən məsələlərdən danışarkən qeyd edib ki, məktəblilər üçün avtobusların təşkil edilməsi gündəlikdə durur: "Bu istiqamətdə Bakı Şəhər Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq edilməyə başlanılıb. Agentlik və Təhsil Nazirliyinin birgə işçi qrupu işlər aparır. Bu işlər növbəti aylarda da davam etdiriləcək. Düşünürəm ki, birgə səylərimiz sayəsində 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq. Təbii ki, bu, birinci mərhələdə bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər".

C.Bayramov məktəb tikintisinə də toxunaraq bildirib ki, Azərbaycanda 100-dən artıq yeni məktəb tikilərək istifadəyə verilib: "Ölkədə 4500-ə yaxın məktəb var. Məktəblərin 50 faizində şagird sayı 200 və ondan aşağıdır. Hər kəsə məlumdur ki, ölkədə əhalinin sayı hər il artır və orta hesabla şagirdlərin sayı da hər il təxminən 50 min nəfər artır. Təbii ki, əhali artımı müxtəlif ərazilərdə eyni templə baş vermir. Bunun nəticəsidir ki, bir sıra yaşayış məntəqələrində yüksək şagird sıxlığı mövcuddur".

C.Bayramov əlavə edib ki, bu məsələ hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzində olub: "Bu istiqamətdə işlərin sürətləndirilməsi ilə bağlı ölkə başçısının tapşırığı var. Təbii ki, mövcud problemin aradan qaldırılması tək Təhsil Nazirliyi tərəfindən həll oluna bilməz. Digər aidiyyəti dövlət qurumları da bu işə qoşulmalıdır".

Nazir bildirib ki, ötən il məsələnin həlli istiqamətində nazirlikdə bir neçə iclas keçirilib: "Qərara alınıb ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində, Kənd Binəqədi, Sulutəpə, Xırdalan, Masazır və Saray qəsəbəsində ilk olaraq şagird sıxlığı həllini tapsın. Adıçəkilən ərazilərdə məktəb inşası üçün əlavə torpaq sahələri ayrılacaq, yaxud orada yerləşən məktəblərdə əlavə korpusların ayrılması nəzərdən keçiriləcək".

O əlavə edib ki, bu il də bu istiqamətdə bir sıra layihələr həyata keçiriləcək: "Belə ki, yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası şagirdlərin ixtiyarına veriləcək. Eləcə də Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpus yeni tədris ilində hazır olacaq. Sumqayıt 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübdə yekunlaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə