Elm Tarixi İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığıyla 20 Yanvar Ümumxalq Hüzn Gününün 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir ziyalılarla məktəblilər arasında görüş formatında təşkil olunub. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA-nın I vitse-prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 20 yanvar hadisəsi SSRİ hakimiyyətinin qansız simasını, başqa millətlərə olan işğalçı sifətini açıq-aydın dünyaya göstərdi. Həmçinin, bu hadisə Azərbaycan xalqının sovet imperiyasının tərkibində yaşamasının qeyri-mümkün olduğunu bəlli etdi.

İ.Həbibbəyli 20 yanvar hadisəsindən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini kəskin tənqid etdiyini, faciəni törədənlərin dərhal cəzalandırılmasını tələb etdiyini xatırladaraq, xalqımızın səsinin dünyaya məhz ulu öndər tərəfindən çatdırıldığını deyib. Akademik vurğulayıb ki, hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə ulu öndərin bu cür bəyanatla çıxış etməsi yas içində olan Azərbaycan xalqına ümid verdi, onun səsləndirdiyi fikirlərin işığında xalq yenidən səfərbər olub azadlıq uğrunda mübarizəsini davam etdirdi.

Akademik vurğulayıb ki, “qan tökülərək qazanılan müstəqilliyimizi ölkə başçısının rəhbərliyi altında hər gün fəaliyyətimizlə, yaxşı təhsilimizlə, işimizlə, mövqeyimizlə möhkəmləndirmək, onu daha da inkişaf etdirmək hər bir Azərbaycan gəncinin, aliminin müqəddəs vətəndaşlıq borcudur”.

Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 yanvar faciəsi xalqımızın əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir.

AQUPDK sədrinin müavini Aynur Sofiyeva çıxışında 30 il əvvəl baş verən hadisələri yad edib, faciə ilə bağlı məlumatların gələcək nəsillərə ötürülməsi üçün belə görüşlərin vacibliyini vurğulayıb. A.Sofiyeva çətin bir tarixi dönəmdən keçən və bu gün inamla inkişaf edən ölkəmizdə aparılan uğurlu islahatların inkişafa göstərdiyi təsirdən danışıb

Tədbirdə AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə “Müstəqilliyə aparan yol”, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov “20 Yanvar – Azərbaycanlılara qarşı 1918-ci il soyqırımı cinayətinin davamıdır”, Elm Tarixi İnstitutunun əməkdaşları – Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “20 Yanvar hadisəsinin hüquqi və siyasi qiymətləndirilməsi”, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov isə “Xalq hərəkatı və 20 yanvar” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonra orta məktəb şagirdlərindən Nurlan Cəbrayılzadə, Xədicə Ağayeva, Tuğray Abbaszadə , Fidan Əliyeva, Abdulla Nağıyev çıxış edərək 20 yanvar hadisəsinə öz münasibətlərini bildiriblər.

Tədbirin sonunda “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” sənədli filmi nümayiş olunub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə