Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 17, 22 və 29 yanvar tarixlərində keçiriləcək. İmtahanlar saat 10.00-da başlayacaq.

Bildirilir ki, namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 17, 22 və 29 yanvar tarixlərində saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Mərkəzdən bildirilir ki, sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq yanvarın 11-də keçirilən imtahanda olan test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə alması xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə