TQDK-da sınaq imtahanlarına hazırlıq işlərinə həsr olunmuş seminar-məşğələ keçirilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) martın 17-də sınaq imtahanlarına hazırlıq işlərinə həsr olunmuş seminar-məşğələ keçirilib. Qurumdan SİA-ya verilən xəbərə görə, seminarda TQDK-nın inzibati binasından Komissiyanın Naxçıvan, Gəncə, Lənkəran, Quba və Şəki regional bölmələri ilə canlı videobağlantı qurulub.
Tədbirdə Komissiyanın əməkdaşları ilə yanaşı, Respublikanın 61 rayon və şəhər Təhsil Şöbələrinin nümayəndələri iştirak ediblər.
Seminarda TQDK tərəfindən sınaq imtahanlarının keçirilməsində əsas məqsədin qəbul imtahanlarına hazırlaşan abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq imkanı yaradılması ilə bağlı olduğu diqqətə çatdırılıb. Bununla bağlı çıxış edən İmtahanların təşkili və idarə olunması sektorunun müdiri Hidayət Zeynalov sınaq imtahanlarının qəbul imtahanlarının texnologiyasına və qaydalarına tam uyğun keçirilməsinin vacibliyinə toxunaraq, bu məqsədlə xüsusən bölgələrdə təşkilati işlərin lazımi səviyyədə icrası üçün Təhsil şöbələrində əlaqələndirici şəxslərin üzərinə düşən vəzifələri xatırladıb.
Tədbirdə sınaq imtahanı keçirilən binalara buraxılış rejimində rast gəlinən problemlərə də toxunulub. Bəzi hallarda abituriyentlərin sınaq imtahanına özlərinə aid olmayan şəxsiyyət vəsiqəsi ilə yazıldıqlarını xatırladaraq həmin şəxslərin heç bir halda imtahana buraxılmayacağı vurğulanıb.
Təşkilati-metodik təminat və təlimlər sektorunun müdiri Adığözəl Həbibov cari ildə nəzarətçi müəllimlərlə ənənəvi treninqlərin aparıldığını bildirib.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavalandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB