Koreya səfirliyinin müşaviri Naxçıvan Dövlət Universitetində olub
Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Lee Jae Vunq Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub.
Universitetin televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Beynəlxalq əlaqələr üzrə prorektor, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov qonağı salamlayıb, onu bu ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib.
NDU-nun Cənubi Koreya mərkəzində olan qonağa məlumat verilib ki, 2012-2013-cü tədris ilindən etibarən universitetdə Koreya dilini öyrədən kurslar açılıb. Mərkəz müasir informasiya texnologiyaları, Koreya dilində ensiklopediya, lüğət və digər məlumat xarakterli nəşrlər ilə təmin olunur. Mərkəzdə Koreyanın dövlət atributları, milli musiqi alətləri yer alıb, həmçinin ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu əks etdirən elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasitələri toplanıb. Prorektor diqqətə çatdırıb ki, burada Cənubi Koreyanın əlamətdar tarixi günlərinə həsr olunmuş tədbirlər keçirilir.
Diplomat muxtar respublikada Koreya dilinə yüksək marağı nəzərə alaraq bu dil üzrə TOPİC imtahanlarının Bakıya getmədən məhz Naxçıvanda keçirilməsini təklif edib. Prorektor təklifi yüksək qiymətləndirib, Koreya milli mədəniyyəti və incəsənətinin təbliği istiqamətində görüləcək işləri məqsədəuyğun hesab edərək “Koreya günü”nün keçirilməsi ilə bağlı təklif irəli sürüb. Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB