Bəzi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yeri niyə yüksək görünmür? NAZİRDƏN CAVAB

Bəzi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yeri niyə yüksək görünmür?  NAZİRDƏN CAVAB

"Təhsil üzrə bəzi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yeri çox yüksək görünməyə bilər. Bu bəzi hallarda tənqidlərə də səbəb olur. Ancaq hesab edirəm ki, qiymətləndirmələrdə bizim nəticənin yüksək olmaması həmin qiymətləndirmələrdə iştirak etməmək üçün əsas kimi gətirilə bilməz". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" adlı konfransda çıxış edərkən deyib.

Bir məqamı xüsusi olaraq qeyd edən nazir vurğulayıb ki, beynəlxalq qiymətləndirmələrə bütün ölkələr iştirak etmir:" Burada əsasən inkişaf etmiş ölkələr iştirak edirlər. Bu ölkələrlə eyni yarışmada olmağın özü müəyyən mənada bir cəsarət tələb edir. Hesab edirik ki, həmin beynəlxalq qiymətləndirmələrin nəticələri sıralamasında hansı yeri tutmağımızdan daha vacibi odur ki, həmin yerin tutulmasının analitik təhlili, buna səbəb olan təhsil amilləri barədə ölkəyə təqdim edilən çox geniş materiallardır. Bunlar da həyata keçirilən islahatlar zamanı mütləq nəzərə alınmalıdır".

Onun sözlərinə görə, əsas məqamlardan biri də bizim milli qiymətləndirmələrimizlə beynəlxalq qiymətləndirmə standartları arasında olan fərqlərdir: "Bu istiqamət üzrə Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq edilir. Əsas hədəflərdən biri beynəlxalq qiymətləndirmələrdə istifadə olunan meyarların çoxunun Azərbaycanda təhsil sistemində qiymətləndirmələr həyata keçirilərkən istifadə etməkdir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə