ADU-da bayram tədbiri keçirilib

Martın 16-da Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov və universitetin tələbə-müəllim heyəti iştirak edib. İki hissədən ibarət olan bayram tədbirində ilk olaraq çərşənbələrlə bağlı tələbələrin hazırladığı video çarx nümayiş olunub.


ADU-nun həyətində davam edən tədbirin bu hissəsində ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov təbrik nitqi ilə çıxış edib. Novruz bayramı münasibətilə universitet kollektivini təbrik edən rektor Novruz bayramı, onun tarixi, xalqımızın qədim mədəniyyətinin dünyada tanıdılmasında bu bayramın rolu, eləcə də Azərbaycan dövlətinin Novruz Bayramına verdiyi önəmdən danışıb.


Azərbaycanda təhsil sahəsinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildiyini deyən S. Seyidov ölkədə aparılan islahatların ADU-nun da həyatında önəmli dönüş yaratdığını bildirib. Universitetin fəaliyyət istiqamətlərinə toxunan ADU-nun rektoru təhsil müəssisəsində təhsil alan tələbələr üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. Universitetdə tədris olunan dillərdən danışan S. Seyidov əcnəbi dillərin Azərbaycan mədəniyyətinin təbliğ olunmasında vacib rol oynadığını deyib. Ölkəmizin başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinə toxunan rektor yaxın zamanlarda bu problemin həll ediləcəyinə əminliyin ifadə edib. O, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi və iqtisadi sabitliyin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.


Sonra ADU-nun rektoru S. Seyidov bayram tonqalına od vurdu. Rektor tələbələr tərəfindən xonça və səməni festivalına təqdim olunan xonçalara baxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə