Həkimlər Şamaxıda aksiyalara başlayıblar

Həkimlər Şamaxıda aksiyalara başlayıblar

ARDNŞ Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının həkimlərinin regionlarda tikilmiş Müalicə Diaqnostika Mərkəzlərinə ezam olunaraq unikal tibbi əməliyyat və müayinələr həyata keçirməsi bir ənənə halını alıb. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, Novruz bayramı günlərində Mərkəzi Neftçilər Xəstəxanasının tibb personalı yenidən bu ənənəyə sadiq qaldıqlarını nümayiş etdirirlər.

Tibb elminin ən yeni nailiyyətlərinə əsaslanan nadir əməliyyatların keçirildiyi müalicə-sağlamlıq ocağına çevrilmiş Xəstəxananın həkim briqadası bu dəfə Şirvan bölgəsinin, o cümlədən Şamaxı, Ağsu, İsmayıllı, Qobustan və digər qonşu rayonların əhalisinə təmənnasız şəkildə tibbi xidmət göstərmək məqsədi ilə növbəti aksiyaya start verib.

Martın 16-dan 18-dək davam edəcək aksiyaya Şamaxıdan başlanılıb. MNX-nın yüksək ixtisaslı həkimlərindən ibarət səyyar briqadaları Şamaxı Müalicə Diaqnostika Mərkəzində cərrahi müdaxiləyə ehtiyacı olan vətəndaşlar üzərində uroloji, otorinolorinqoloji və baş-boyun cərrahiyyəsi əməliyyatları icra edəcəklər.

Artıq xəstələr Şamaxı MDM-də tam müayinədən keçirilmiş, onların diaqnozu dəqiqləşdirilib. Aksiya zamanı 10-dək xəstənin əməliyyat olunması nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəl MNX-nın həkimləri Şamaxı MDM-də təşkil olunan aksiyalar çərçivəsində bölgə əhalisi üzərində 7 açıq ürək və 30-dək göz əməliyyatı həyata keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə