ADPU-da “Milli təhlükəsizliyimizin təmin olunmasında gənclərin rolu”ndan danışıblar

ADPU-da “Milli təhlükəsizliyimizin təmin olunmasında gənclərin rolu”ndan danışıblar

Milli təhlükəsizlik orqanlarının məsul əməkdaşlarının hər il peşə bayramları ərəfəsində ənənəvi olaraq respublikanın ali təhsil müəssisələrinin kollektivləri ilə görüşləri təşkil edilir. Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü münasibətilə Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tərəfindən "Milli təhlükəsizliyimizin təmin olunmasında gənclərin rolu" mövzusunda konfrans keçirilib.


SİA-nın xəbərinə görə, tədbiri açan ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Yusif Məmmədov bildirib ki, konfransın işində Milli Təhlükəsizlik və Təhsil nazirliklərinin məsul əməkdaşları, Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, Bakıda fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edirlər.

Y.Məmmədov bu il ADPU-nun 90 illiyinin keçiriləcəyini və milli təhlükəsizlik orqanlarının 92-ci ildönümü ərəfəsində belə bir tədbirin bu təhsil ocağında təşkilinin əlamətdar hadisə olduğunu qeyd edib.

Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi, polkovnik Məmməd Cəfərli Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, dövlətçiliyimizin qorunmasındakı xidmətlərindən danışıb. Bildirib ki, yaranmasını 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən təhlükəsizlik orqanları çətin, kəşməkəşli və eyni zamanda, şərəfli tarixi yol keçib.

Ümummilli lider Heydər Əliyevin 25 ildən artıq Azərbaycan təhlükəsizlik orqanlarında çalışdığını və bu quruma rəhbərlik etdiyini vurğulayan idarə rəisi ulu öndərin xüsusi xidmət orqanlarının formalaşmasında və inkişafındakı rolu barədə danışıb.

İdarə rəisi milli maraqların, dövlətçiliyin daha da etibarlı qorunması istiqamətində Milli Təhlükəsizlik Nazirliyinin son illərdə həyata keçirdiyi uğurlu əməliyyatlardan ətraflı danışıb.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xüsusi xidmət orqanlarının Azərbaycanın milli maraqlarının qorunması istiqamətində şərəfli fəaliyyəti haqqında danışıb. Təhlükəsizlik orqanlarının inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini diqqətə çatdıran icra hakimiyyətinin başçısı vurğulayıb ki, məhz ulu öndərin dövlət təhlükəsizlik orqanlarına rəhbərliyi dövründə bu qurumda Vətənə, xalqına sadiq yeni, milli ruhlu peşəkar nəsil yetişib.

Sonra çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov belə görüşlərin təşkilinin təqdirəlayiq olduğunu vurğulayıb. O, gəncləri müstəqilliyinin 20 illiyini qeyd edən Azərbaycanın maraqlarının və mənafelərinin müdafiəsi işində öz bilik və bacarıqlarını əsirgəməməyə, milli dövlətçiliyimiz əleyhinə yönəlmiş təxribatlara qarşı mübarizədə əsl vətənpərvərlik və vətəndaşlıq mövqeyindən cıxış etməyə cağırıb.

Tədbirdə çıxış edən ADPU-nun fizika fakültəsinin dekanı, professor Mirzəli Murquzov, Tələbə Gənclər Təşkilatının sədri IV kurs tələbəsi Kamal Zeynallı xüsusi xidmət orqanlarının fəaliyyətinin Azərbaycan dövlətçiliyinin qorunmasına layiqi töhfələr verdiyini bildiriblər.

Tədbirin sonunda Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə