UNEC-in təhsil imkanları bu dəfə Gəncə və Mingəçevirdə təqdim olundu

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti Gəncə və Mingəçevir şəhərlərinin məktəb və liseylərinin yuxarı sinif şagirdləri ilə görüşlər keçiriblər. Universitetin təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, orada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə təşkil olunan görüşlərdə şagirdlərlə yanaşı, təhsil şöbəsinin nümayəndələri və valideynlər də iştirak ediblər.

UNEC-dən SİA-ya bildirilib ki, İqtisadiyyat kafedrasının müdiri, dosent Əli Hacıyev, Standartlaşdırma və sertifikasiya kafedrasının professoru Məhəmmədəli Nuriyev, Nəzəri və praktiki iqtisadiyyat kafedrasının dosenti Sadiq Nəzərəliyev görüş zamanı abituriyentlərə ali məktəb barədə məlumat veriblər, onlara ixtisas seçimində dəstək olublar.

Nümayəndə heyəti Mingəçevir şəhərində Texniki humanitar təmayüllü liseydə, Təbiət-riyaziyyat və humanitar elmlər üzrə liseydə və 15 nömrəli tam orta məktəbdə olub. Gəncə şəhərində isə 2 nömrəli internat tipli xarici dillər təmayüllü gimnaziyanın, 27 nömrəli riyaziyyat-informatika təmayüllü liseyin və bir sıra tam orta məktəblərin şagirdləri ilə görüşüblər.

Görüşlərdə abituriyentləri və valideynləri maraqlandıran suallar cavablandırılıb, onlara məlumat bukletləri və əyani vəsaitlər paylanılıb. Bildirilib ki, abituriyentlər UNEC barədə suallarını universitetin rəsmi “Facebook” səhifəsinə göndərə bilərlər. Həmçinin “UNEC-də bir gün” layihəsində iştirak edərək universitetlə daha yaxından tanış ola bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...