Faiq Şahbazlı: "Növbəti tədris ili üçün 102 adda dərslik və dərs vəsaitinin nəşri planlaşdırılır" - MÖVQE
Növbəti tədris ili üçün Təhsil Nazirliyi tərəfindən 102 adda dərslik və dərs vəsaitinin nəşri planlaşdırılır. Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. O bildirib ki, bunların 40-ı yalnız dördüncü siniflərə aiddir. Artıq üç ildir ki, ölkədə kurikulum əsasında dərslik hazırlığına başlandığını deyən şöbə müdiri vurğulayıb ki, növbəti ildən dördüncü siniflərdə yeni əsasda nəşrlərin hazırlanması üçün tenderlər elan olunub. Onun sözlərinə görə, həmin tender təkliflərini aprel ayında qəbul edəcəyik: "Bundan başqa, 38 adda dərslik VII-XI siniflər üçün nəzərdə tutulub. İndi elanın vaxtı bitib, Satınalmalar üzrə Dövlət Agentliyi ilə bəzi məsələlərin aydınlaşdırılması istiqamətində danışıqlar gedir. Yaxın günlərdə bu məsələyə baxacağıq. Bundan əlavə, 24 adda digər dərsliklərimiz var və az faizlə çap olunan bu kitabların nəşri cari il başa çatdırılacaq".
F.Şahbazlı həmçinin, elektron dərsliklərin hazırlanması məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, elektron dərsliklər kimya, fizika, biologiya və tarix fənləri üzrə hazırlanıb və hazırda bu istiqamətdə işlər davam etdirilib. Onun sözlərinə görə, ayrı-ayrı müəllimlərin hazırladığı vəsaitlər təhsil portalında yerləşdirilib. Şöbə müdirinin sözlərinə görə, müəllimlər də həmin qabaqcıl təhsil işçilərinin təcrübəsindən istifadə edib yararlana bilərlər.
"Cari il üçün əlavə fənlər üzrə elektron vəsaitlərin hazırlanması ilə bağlı dəqiq bir söz deyə bilmərəm. Bu dərsliklər nazirlikdə hazırlanır və bizə təqdim edilir. Biz də onlara baxıb qiymətləndirdikdən sonra çap olunmağa göndəririk. Ona görə də indi deyə bilmərəm ki, dəqiq olaraq hansı fənlər üzrə əlavə vəsaitlər hazırlanacaq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB