Martın 15-də ADU-nun rəhbərliyi və tələbə-müəllim heyəti Novruz bayramı münasibətilə Xətai rayonunda yerləşən N saylı hissəyə bayram sovqatı aparıblar. Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, əsgərlərlə görüşdə çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov universitet kollektivi adından əsgərləri Novruz bayramı münasibətilə təbrik etdi. Hərbi hissəni öz doğma evi hesab etdiyini bildirən rektor əsgərlərlə görüşdən məmnun olduğunu qeyd etdi. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan nizami ordunun günü-gündən inkişaf etdiyini deyən S. Seyidov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdiyini bildirdi.
O, çıxışı zamanı Dağlıq Qarabağ probleminə də toxundu. S. Seyidov Ermənistanın işğal etdiyi torpaqların azad edilməsi ilə bağlı BMT, Avropa Şurası və Avropa Birliyi tərəfindən bir sıra qətnamələrin qəbul edildiyini, lakin bu sənədlərin işğalçı dövlət tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırdı. Bununla yanaşı, ATƏT-in Minsk Qrupunun fəaliyyət göstərdiyini və təklif edilən həll variantlarından Ermənistan tərəfinin boyun qaçırdığını bildirən S. Seyidov beynəlxalq güclərin işğalçı dövlətə təzyiq göstərməsinin vacib olduğunu dedi. Bu yaxınlarda Ermənistan ordusunun snayper gülləsi nəticəsində 9 yaşlı uşağın öldürülməsini önə çəkən rektor bu hadisənin vandalizm faktı olduğunu vurğuladı.
Sonra hərbi hissə rəhbərliyi ADU-nun kollektivini və rektor S. Seyidovu əsgərlərə daim diqqət və qayğı göstərdiyinə görə fəxri fərmanla təltif etdi.
Fəlsəfə kafedrasının professoru Məhəmməd Teymurlu isə çıxışında ölkəmizin dövlətçilik tarixindən bəhs etdi. M. Teymurlu Azərbaycan xalqının igid, mərd və mübariz oğullar yetişdirdiyini əsgərlərin diqqətinə çatdırdı.
Tədbir ADU-nun musiqiçilərinin müşayiətində tələbələr və əsgərlərin rəqs etməsi ilə yekunlaşdı.
Sonda ADU kollektivi bayram sovqatını təqdim etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB