TQDK abituriyentlərə kömək məqsədilə yeni nəşr hazırlayıb

TQDK abituriyentlərə kömək məqsədilə yeni nəşr hazırlayıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin düşünülmüş ixtisas seçimi etmələrinə və bu istiqamətdə dəqiq addım atmalarına kömək məqsədilə bütün bakalavr ixtisaslarını əhatə edən məlumat-sorğu vəsaitinin hazırlanmasını məqsədəuyğun hesab edib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Ali təhsil müəssisələrinin bakalavr ixtisasları" adlanan nəşr Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Ali təhsil pilləsinin Dövlət standartları və proqramı" sənədinə istinadən və TQDK-nın informasiya bazasında olan məlumat və materiallar əsasında hazırlanıb. Təqdim olunan vəsait ixtisas qruplarına uyğun olaraq 4 kitabdan ibarətdir. Birinci kitab I qrup ixtisaslarına (65 ixtisas), ikinci kitab II qrup ixtisaslarına (19 ixtisas), üçüncü kitab III qrup ixtisaslarına (45 ixtisas) və dördüncü kitab isə IV qrup ixtisaslarına (23 ixtisas) həsr edilir.

Hər bir ixtisas haqqında təqdim olunan informasiyada həmin ixtisas üzrə kadrların hansı təhsil müəssisəsində hazırlanması, ixtisasın xarakteristikası, təyinatı, bu və ya digər ixtisas üzrə hazırlanan bakalavrlara təhsil müddətində tədris edilən peşə-ixtisas fənləri, həmin fənlər əsasında onlara öyrədilən ixtisas bilik və bacarıqları şərh olunur, onların gələcək fəaliyyətinin əsas sahə və istiqamətləri və iş yerləri barədə məlumat verilir. İxtisasların siyahısı ali təhsil müəssisələrinə 2010-cu ilin qəbul planı əsasında təqdim olunur.
Vəsaitdə ixtisaslarla bağlı təqdim olunan məlumatların bütün məsələləri tam əhatə etdiyini söyləmək olmaz. Burada verilənlər abituriyentlər üçün müəyyən oriyentir kimi qiymətləndirilməlidir.

Birinci qrupun ixtisasları şərti olaraq üç istiqamət üzrə qruplaşdırılıb:
1. Mühəndislik ixtisasları;
2. Elmi-texniki sahəyə aid ixtisaslar;
3. Müəllimlik ixtisasları.
Vəsaitdə ayrı-ayrı ixtisasların mahiyyəti və xarakteristikası ilə bağlı işlənən terminlərin "Qısa izahlı lüğət"i də verilib. Həmin terminlər bir ulduzla (*) işarələnib. Lüğət bu və ya digər anlayışlar haqqında məlumat verməklə ixtisasların mahiyyəti və xarakteristikalarının qavranılmasını asanlaşdırır.

Bakalavr ixtisasları haqqında bu nəşr ilk təşəbbüsdür. Yəqin ki, müəyyən arzu, təklif, rəy və münasibət də doğuracaq. Bunlar kitabların gələcəkdə daha da təkmilləşməsinə töhfə verə bilər. Daxil olan bütün arzu, təklif və rəylər TQDK tərəfindən hökmən nəzərə alınacaq. Bu işdə bütün oxucuların fəal iştirakı arzu olunur. Hər bir abituriyentin uğurlu ixtisas seçimi onun bütün gələcək karyerasının təməlini qoyur. Ümid edirik ki, təqdim olunan bu məlumat-sorğu vəsaiti gənclərə öz peşəyönümlərini düzgün müəyyənləşdirməkdə, ixtisas seçimlərinə daha həssas yanaşmaqda kömək edəcək və ixtisas seçimi zamanı öz istək, bilik və bacarıqları ilə bərabər, cəmiyyətin də sifariş və ehtiyaclarını nəzərə almaqda yardımçı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə