Təhsil elə bir sahədir ki, orada böyük bir xalqın gələcək taleyi, sözün əsl mənasında milli düşüncə və təfəkkürün gələcək modeli hazırlanır. Çünki, Xalqın millət kimi dünyada mövqe sahibi olması, xalq olaraq zəngin və yüksək potensialı, ilk növbədə məktəb partasının arxasında əyləşən şagirdə bilik və həyat dərsi keçən müəllimin əməyindən asılıdır. Məhz həmin müəllimin şagirdə aşılayacağı bilik və tərbiyə, böyük bir xalqın gələcək qədərini, taleyini müəyyən edir. Müəllim o qədər savadlı, o qədər güclü, və ən əsas da dolanışıq baxımından heç kimdən asılı olmayacaq qədər sərbəst olmalıdır ki, əsl MÜƏLLİMLİK peşəsini uğurla yerinə yetirsin.
Bir yazımda yazmışdım bu barədə. Əgər müəllim, qarşısındakı şagirdin beyin hüceyrəsində toplanan savada, biliyə deyil, dolanışıq dərdindən onun valideyninin cibindəki pula göz dikməyə məhkumdursa, o zaman gələcək barədə bircə cümlə də olsun nikbin nəsə yazmağa dəyməz. Bu belədir. Bəzən müəllim peşəsini ucuz maraqlara dəyişənlər də tapılır cəmiyyətdə.

Amma bu gün sizlərə əsl müəllimlər barədə yazacam. Elə müəllimlər ki, onların bu əməlləri ilə böyük bir Azərbaycanın gələcəyinə nikbinliklə baxmağa dəyər. Təsadüfən Şabran rayonundakı 3 saylı orta məktəbdə müəllimlərin nəcib, hamıya nümunə olacaq addımı barədə öyrəndim. Özü də sosial şəbəkələrdən birində.

Məlum oldu ki, bu məktəbin müəllimləri 2 il bu məktəbdə təhsil alan, sonra amansız xəstəlik ucbatından təhsilini yalnız evdə davam etdirmək məcburiyyətində qalan Sadiq Hacı oğlu Hacızadəni bir an da yalnız buraxmırlar. S.Hacızadə, 08 avqust 2006-ci ildə Şabran rayonunda anadan olub. 2012-ci ildə Şabran şəhər 3 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olur. 2 il həmin məktəbin ən fəal, əlaçı şagirdlərindən olur, müntəzəm dərslərdə iştirak edir. Bu bacarıqlı şagird, bir gün beyin iflici keçirir və həmin gündən Sadiqin ayaqları tutulur və nitqi kəsilir. Aparılan müalicədən sonra ayaqları açılmasa da, nitqində çox cüzi irəliləyiş var, öz fikrini izah etməyi bacarır. Lakin hələ ki, gəzə bilmir...

Bu hadisədən sonra məktəb tərəfindən Sadiqə fərdi ev təhsili təyin edilir. 6 ildir ki, Sadiq evdə fərdi təhsil alır. Bu müddətdə bilik və bacarığı ilə, verilən tapşırığları qavrama bacarığına görə Sadiq artıq müəllimlərin sevimlisidir. Bu günlərdə isə, məktəb rəhbərliyinin təşəbbüsü ilə Sadiqin 2 il eyni sinifdə təhsil aldığı sinif yoldaşları onu ziyarət ediblər. Məktəbin direktoru Fidan Fərzəliyeva bizimlə söhbətində bildirib ki, məktəb rəhbərliyi və müəllim heyəti tərəfindən bu ənənə davamlı xarakter daşıyır. Bunun pedaqoji kollektivin öz şagirdinə olan diqqəti kimi dəyərləndirən F.Fərzəliyeva, bu cür addımların məktəblə şagird arasında bağlılığı möhkəmləndirdiyini, ən əsası isə, fiziki qüsurlu olmağın təhsil almağa, bilik öyrənməyə heç bir əngəl yaratmadığı barədə gözəl nümunə olduğunu dilə gətirib. Amma bizim diqqətimizi məktəbin, müəllimlərin öz şagirdinə olan diqqəti, bu gün çox az rast gəldiyimiz mənəvi dəyərlərimizə, ənənələrimizə olan sadiqliq daha çox cəlb etdi. Bu cür müəllimlərlə qürur duymağa dəyər. Çünki öz şağirdinə sahib çıxan dəyərli müəllimlərin varlığı, bir xalqın gələcəyi üçün işıq yandırır...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...