Alman Akademik Mübadilə Xidmətinin proqram rəhbəri ADU-da olub

Alman Akademik Mübadilə Xidmətinin proqram rəhbəri ADU-da olub

Alman Akademik Mübadilə Mərkəzinin (DAAD) Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə proqram rəhbəri Manja Hussner Azərbaycan Dillər Universitetinin (ADU) Alman dili fakültəsinin dekanı, dosent Ulduz Aslanova ilə görüşüb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə bir sıra maraq doğuran məsələlər, o cümlədən DAAD ilə əməkdaşlıq məsələləri müzakirə olundu.

Çalışdığı təşkilatın fəaliyyətindən danışan Manja Hussner bildirdi ki, DAAD xaricdə alman universitetlərini təmsil edir və 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Təşkilatın müxtəlif ölkələrdə 14 nümayəndəliyinin olduğunu deyən proqram rəhbəri, bununla yanaşı 50-yə yaxın IC-Lektoratlıq və ümumilikdə 400-dən artıq lektorun bütün dünya üzrə sıx əməkdaşliq şəbəkəsi təşkil etdiyini sözlərinə əlavə etdi. Azərbaycanda yerli lektoratlıq kimi 1997-ci ildə fəaliyyətə başlayan təşkilatın nümayəndəliyi 2004-cü ildən Bakı Məlumat Mərkəzinə çevrilib. Onun sözlərinə görə, təşkilat dil kursu, təhsil, gənc aspirantlar və elmi işçilər üçün, eləcə də elmi dərəcəli ali məktəb müəllimləri üçün tədqiqat təqaüdləri təklif edir. İndiyədək Azərbaycanda təşkilatın maliyyələşdirdiyi proqramlardan 70 nəfər yararlanıb. Bununla yanaşı, Azərbaycan hökumətinin ayırdığı maliyyə vəsaiti hesabına 50 nəfər bu proqramlarda iştirak edib. Qonaq ADU müəllimlərinin elmi məqalələrinin ölkəsində çap edilməsində münbit şəraitin yaradılmasında imkanlarını əsirgəməyəcəyini önə çəkdi.

Alman dili fakültəsinin dekanı Ulduz Aslanova isə ADU ilə Almaniya universitetləri arasında mövcud əməkdaşlıq proqramlarından danışdı. Dekan universitetin koordinatoru olduğu TEMPUS layihəsi çərçivəsində Leypsiq universiteti ilə sıx əlaqələrin qurulduğunu dedi. Eyni zamanda ADU Frayburq universitetilə də təcrübə mübadiləsi aparır. U. Aslanova DAAD ilə təklif olunan yeni təqaüd proqramları çərçivəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını və bunun təşkilatla əlaqələrin möhkəmlənməsində zəruri olduğunu vurğuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə