İlham Məmmədov: “Vahid resept blankının tətbiqi özəl dərman şirkətləri ilə həkimlər arasındakı işbirliyinin qarşısını alacaq”

İlham Məmmədov: “Vahid resept blankının tətbiqi özəl dərman şirkətləri ilə həkimlər arasındakı işbirliyinin qarşısını alacaq”
Bu günlərdə Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunan vahid resept blankının tətbiqi insanlara peşəkar səhiyyə xidmətinin göstərilməsi üçün atılan ən mühüm addımlardan biridir. Bu barədə SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov məlumat verib. O bildirib ki, artıq bundan sonra öz peşəsində püxtələşən, yüksək tələblərə cavab verən və imtahanlardan keçərək sertifikat alan həkimlər xəstələrə xidmət göstərəcəklər. İ.Məmmədovun sözlərinə görə, bundan sonra tibb işçiləri vahid resept blankında öz reseptlərini yazacaq ki, bu da ölkədə aparılan səhiyyə islahatlarının tərkib hissəsi olan əsaslanmış, sübut olunmuş təbabət istiqamətində aparılan bir işdir.

"Yəni, protokollar hazırlanır və onların əsasında da xəstələr müayinə olunmalıdır. Bu müayinənin nəticəsində hansı reseptlərin yazıla biləcəyini özündə ehtiva edəcək. Digər tərəfdən də bu aralıq şirkətləri ilə həkimlər arasındakı işbirliyinin qarşısını almağa xidmət edəcək bir addım olacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə