İtaliyanın “Microband” teatr qrupu ADU-da olub

İtaliyanın “Microband” teatr qrupu ADU-da olub

Martın 9-da Azərbaycan Dillər Universitetində (ADU) İtaliyanın "Microband" teatr qrupu musiqi proqramı ilə çıxış edib. ADU mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə universitetin professor-müəllim heyəti və tələbələrlə yanaşı, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi də iştirak edirdi.

Proqramdan öncə ADU-nun prorektoru, dosent Jalə Qəribova "Microband" teatr qrupu haqqında məlumat verib. Prorektor "Microband" teatr qrupunun aktyorları Luka Domensial və Danilo Maggionun qeyri-adi ifa tərzinə və aktyorluq bacarığına malik olduqlarını qeyd edib. O, musiqi proqramının təşkilinə görə İtaliyanın Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirib.

İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi isə çıxışında İtaliyanın qədim sivilizasiya beşiyi oduğunu vurğulayıb. Bu il İtaliyanın birləşdirilməsinin 150 ildönümünün qeyd edildiyini deyən diplomat bununla bağlı mədəni fəaliyyət proqramının həyata keçirildiyini deyib.

Bu proqramın bir başlanğıc olduğunu bildirən M. Baldi musiqi proqramının nümayişinə şərait yaratdığına görə ADU-ya öz təşəkkürünü bildirib. Sonra "Microband" teatr qrupunun aktyorları Luka Domensial və Danilo Maggion 70 dəqiqəlik proqramla çıxış ediblər. Gənc tamaşaçılara uyğun səs və mimikadan istifadə etməklə heyrətli musiqi interpretasiyası həyata keçirən komik cütlüyün çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, proqramda Rossinidən Astro Piatsolaya, Albano və Rominadan tutmuş Paolo Konteyə qədər çeşidli italyan musiqisindən istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə