Anar Qədirli: "Sertifikasiya imtahanlarında iştirak edən həkimlərin yalnız 8%-i uğursuz nəticə göstərib" - AÇIQLAMA

Anar Qədirli: "Sertifikasiya imtahanlarında iştirak edən həkimlərin yalnız 8%-i uğursuz nəticə göstərib" - AÇIQLAMA
Yanvarın 5-dən başlayan həkimlərin sertifikasiya test imtahanlarına bu günə qədər 297 tibb mütəxəssisi cəlb olunub. Bu barədə SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. O bildirib ki, həkimlərdən 20-si imtahanları verə bilməyib və bu da ümumi imtahan verənlərin 8 %-ni təşkil edir. Qalanlarının imtahanlardan uğurla keçdiyini deyən nazirlik sözçüsü vurğulayıb ki, artıq 161 nəfər tibb işçisinə sertifikatlar təqdim olunub. O bildirib ki, sertifikat təqdim olunan həkimlər artıq imtahanın hər iki mərhələsini də uğurla baş vurublar.

"İmtahanı verə bilməyənlər isə Səhiyyə Nazirliyi tərəfindən 6 ay ərzində təkmilləşdirmə kurslarına göndərilib. Maaşlarını saxlamaq şərti ilə onlara 6 aydan sonra ikinci dəfə şans veriləcək ki, yenidən imtahan verib sertifikat alsınlar. Onlar bu müddət ərzində hazırlaşıb yenidən imtahanlara cəlb olunacaqlar", - deyə o əlavə edib.

İmtahanlarda zəif və yaxşı nəticə göstərənlərə gəlincə, A.Qədirli vurğulayıb ki, ümumiyyətlə, bütün həkimlər yaxşı nəticə göstərir və səviyyələrini təsdiq edirlər. Cərrahların arasında daha yüksək bal yığanların olduğunu deyən mətbuat xidmətinin rəhbəri bildirib ki, ümumi statistikaya görə yüksək bal yığanlar çoxdur. Müsabiqədə yüksək nəticə göstərərək 100 bal toplayanların sayına gəlincə nazirlik sözçüsü qeyd edib ki, imtahanda maksimum nəticə göstərən həkimlərin sayı 21 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə